Çin Xalq Respublikasının Çunçin şəhərində 19–22 may 2026-cı il tarixlərində keçirilən beynəlxalq qardaş şəhərlər əməkdaşlıq konfransında Sumqayıt şəhərinin nümayəndə heyəti iştirak edib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmisi Gündüz Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil olunub.
Konfrans çərçivəsində şəhər idarəçiliyi, yaşıl inkişaf, iqtisadi innovasiyalar, sənaye əməkdaşlığı, logistika və beynəlxalq tərəfdaşlıq mövzularında müzakirələr aparılıb. Tədbirdə dünyanın müxtəlif ölkələrindən nümayəndə heyətləri iştirak edib. Çunçin şəhərinin beynəlxalq logistika və sənaye mərkəzi kimi artan rolu xüsusi vurğulanıb.
Tədbir çərçivəsində iqtisadi-ticarət görüşləri, sərgilər, mədəniyyət və turizm təqdimatları, eləcə də müxtəlif sənaye müəssisələrinə baxış təşkil olunub. Sumqayıt nümayəndə heyəti bir sıra iş adamları və şirkət nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə edib.
Tədbirdə çıxış edən nümayəndə heyəti tərəfindən Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən sənayeləşmə siyasəti, şəhərdə yaradılmış müasir sənaye infrastrukturu və xüsusilə Sumqayıt Kimya Sənaye Parkı haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, şəhərdə ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, yaşıllaşdırma və davamlı inkişaf istiqamətində görülən işlər iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd olunub ki, beynəlxalq qardaş şəhərlər platforması çərçivəsində keçirilən bu cür tədbirlər şəhərlər arasında iqtisadi, humanitar və mədəni əlaqələrin genişlənməsinə, qarşılıqlı təcrübə mübadiləsinin güclənməsinə mühüm töhfə verir.




Müzakirə qapadılmışdır.