Sumqayıt şəhər 2 saylı doğum evində ana və uşaq dəhşəti

2334
Bu günə qədər ölkə xəstəxanalarında baş verən neqativ hallarla bağlı çox şey eşitmişdim. Amma canlı və vizual şahidi olmamışdım. Dünən Sumqayıt şəhəri 45-cı məhəllədə yerləşən 2 saylı doğum evində gördüklərim məni dəhşətə gətirdi. Sözügedən doğum evi bu yaxınlarda təmirdən çıxıb və ölkə başçısı İlham Əliyev Sumqayıt səfərlərinin birində xəstəxananın açılışını edib. İnsafən xəstəxana kifayət qədər yüksək səviyyədə təmir olunub və yaxşı şərait yaradılıb. Kaş ki, işçi və həkim heyəti də yenilənəydi. Çox uzunçuluq eləməyim, keçim mətləbə. Axşam dostum mənə zəng edərək bildirdi ki, yoldaşımı ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər, özünü çatdır xəstəxanaya, mən Bakıdayam, gəlirəm.
Məlumat üçün qeyd edim ki, dostumun yoldaşı 20 həftəlik hamilə idi və qanaxma ilə bağlı ciddi problemləri vardı. 3 aya yaxın idi ki, xəstəxana qapısında qalmışdılar. Lakin xəstəxanada baş verənlər, həkim və tibbi bacılarının pul oyunları ailəni maddi və mənəvi cəhətdən tamamilə müflis eləmişdi. Bir tərəfdə dəhşətli şəkildə qan itirən, ana olmaq istəyən cavan xanım, bir tərəfdə günü 15 manata işləyən çarəsiz fəhlə ailə başçısı, bir tərəfdə isə xəstəxananı bazara çevirən həkim və tibb bacısı heyəti. Ailənin bir neçə aydır ki, dava-dərmana və həkimlərə xərclədiyi bir ətək pul, nəhayət, dünən axşam puç oldu. Belə ki, cavan ana dünən axşam 4 aylıq körpəsini itirmək məcburiyyətində qaldı. Səbəb isə doğum şöbəsində çalışan və şöbə müdiri olduğu söylənilən Dilbər adlı həkimin səhlənkarlığı və pul hərisliyi ilə bağlı idi. Ailə üzvlərinin bildirdiyinə görə, gənc xanımı ilk dəfə xəstəxanaya gətirəndə Dilbər həkim söyləyib ki, sizin xəstəniz övlad dünyaya gətirənə qədər xəstəxanada qalmalıdır.
Xəstənin yoldaşının dediklərindən: “Biz də həkimin rəyi ilə razılaşmaq məcburiyyətində qaldıq və xəstəmizin yatmasına icazə verdik. Həmin bu müddət ərzində isə bizə aldırmadıqları dərman qalmadı. Qapıçıdan tutmuş həkimlərə qədər hamı pul tələb edirdi. Bir neçə gündən sonra xəstəmizi evə buraxdılar. Lakin evə getdikdən sonra qanaxma yenidən başladı və yoldaşımı qan içində yenidən xəstəxanaya gətirdim. Bu dəfə Dilbər həkim bildirdi ki, yoldaşınız 9 ayın tamamına qədər yəni uşaq dünyaya gələnə qədər xəstəxanada qalmalıdır. Amma nədəndirsə üzərindən 4-5 gün keçdikdən sonra kartoçkasını yazaraq evə göndərdi. Səbəb isə istənilən 100 manat idi. Belə ki, anamdan yoldaşımın xəstəxanada saxlanması üçün pul istənilmişdi. Anam isə məcbur qalıb yoldaşıma 20 manat pul vermişdi ki, Dilbər həkimə versin. Dilbər doktor isə öz növbəsində bu qədər miqdarda pulun ona verilməsini təhqir olduğunu bildirib. “Sizin bizə verdiyiniz dəyər elə 20 manat miqdarındadır. Qayınanan 20 manat verməklə məni təhqir edir” – ifadələri Dilbər xanıma aid olsa da, 20 manatı götürüb. Yalnız bundan sonra yoldaşımın kartoçkası yazıldı və xəstəxanadan evə göndərildi. Evə çatdıqdan bir neçə saat sonra isə yəni dünən axşam qanaxma yenidən oldu. ”
Nəzərinizə çatdırım ki, dünən axşam xəstəxanada gördüklərim jurnalist olaraq məni dəhşətə gətirdi. Təsəvvür edin ki, xəstənin 3 saat qan axma vəziyyətində qalmasına baxmayaraq bir nəfər də olsun həkim ona yardım etmirdi. Tibb bacıları isə həkimlərin əməliyyatda olduqlarını və qısa bir zaman ərzində gələcəklərini söyləyirdilər. Amma deyilən qısa zaman 3 saata qədər davam etməsinə baxmayaraq heç kim gəlmədi. Nəhayət ailə üzvlərinin ciddi etirazından və səs-küy salmasında sonra həkim gəlib çıxdı. Amma nə mənası… Artıq uşağın ana bətnində qalması mümkün deyildi. Belə ki, uşağın ana bətnində yaşaması üçün zəruri olan su tamamilə qurtarmışdı. Həkim 1%-lik ümidlə dünən axşam ailəni evə yola saldı. Lakin şəhər dostumun zəngi yerdə qalan ümidləri də məhv elədi… – Alo, Xəyal, qardaş, uşaq tələf oldu.
Onu da qeyd edim ki, dünən axşam xəstəxanada həkimlərin tapılmadığı müddətdə Səhiyyə Nazirliyinin Qaynar Xəttinə 10 dəfəyə yaxın zəng etməyimizə baxmayaraq telefon zəngimizə cavab verən olmadı.
Mən dünən gördüklərimdən sonra bir daha anladım ki, nəyə görə 2013-cü ildə 10-dan çox ana doğuş zamanı dünyalarını dəyişib.
Xəyal Şükür, faktxeber.com
 
P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər