Sumqayıt şəhər Ağsaqqallar Şurasının məhəllə ağsaqqalları ilə görüşləri davam edir

72

Sumqayıt şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvlərinin şəhərin müxtəlif MKS ərazilərində, məhəllə, mikrorayon və qəsəbələrdə ağsaqqallarla keçirdikləri silsilə görüşlər davam edir.

Növbəti görüş 11 avqust 2026-cı il tarixində 11 saylı MKS-in əhatə etdiyi 17-ci mikrorayonda, 16 saylı binanın qarşısında yerləşən Xeyir-Şər evində keçirilib.

Görüşdə Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmayılov və məhəllə ağsaqqalları iştirak ediblər.

Eldar İsmayılov görüş iştirakçılarını salamlayaraq xoş arzularını çatdırıb. Sədr çıxışında ərazi Ağsaqqallar Şuralarının fəaliyyətinin düzgün təşkili, qarşıda duran vəzifələr və ağsaqqalların ictimai həyatda fəal iştirakının əhəmiyyəti barədə danışıb.

Bildirilib ki, Ağsaqqallar Şurasının fəaliyyətinin əsas istiqamətlərindən biri dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əhali arasında geniş təbliğ olunmasıdır.

Sədr Prezident İlham Əliyevin Sumqayıt şəhərinə göstərdiyi diqqət və qayğı nəticəsində son 10–11 il ərzində şəhərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin əhali arasında daha geniş təbliğ edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə şəhərin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə məlumatlandırmanın əhəmiyyətini qeyd edib.

Görüşdə gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyə olunması, onların vətənpərvərlik hisslərinin gücləndirilməsi, eləcə də zərərli vərdişlərdən uzaq tutulması məsələlərinə də toxunulub.

Eldar İsmayılov bu istiqamətdə ağsaqqalların zəngin həyat təcrübəsindən, nüfuzundan və tərbiyəvi imkanlarından səmərəli istifadə olunmasının mühüm əhəmiyyət daşıdığını bildirib.

Daha sonra məhəllə ağsaqqalları çıxış edərək onları narahat edən məsələlər, məhəllədaxili problemlər, irad və təkliflərini diqqətə çatdırıblar. Səsləndirilən fikirlər dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılmasının vacibliyi bildirilib.

Qeyd edək ki, bu günədək şəhərin 1, 2, 4, 5, 8, 9 və 10 saylı MKS ərazilərində, eləcə də Hacı Zeynalabdin Tağıyev qəsəbəsində məhəllə ağsaqqalları ilə silsilə görüşlər keçirilib. Görüşlərin şəhərin digər ərazilərində də davam etdirilməsi nəzərdə tutulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər