Sumqayıt Şəhər Ağsaqqallar Şurasının növbəti konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı, professor Eldar İbrahimov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhərin ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qonaqları salamlayaraq tədbirin işinə uğurlar arzulayıb. O, Azərbaycan Ağsaqqallar Şurasının cəmiyyət həyatında mühüm rol oynadığını, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi istiqamətində ağsaqqalların fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Daha sonra təşkilati məsələlər müzakirə olunub. Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri vəzifəsinə şəhərin ictimai həyatında uzun illər səmərəli fəaliyyəti ilə seçilən Eldar İsmayılovun namizədliyi irəli sürülüb. Açıq səsvermənin nəticələrinə əsasən Eldar Vəkil oğlu İsmayılov Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri seçilib.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Eldar İbrahimov Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq yeni seçilmiş sədr və idarə heyəti üzvlərini təbrik edib. O, ağsaqqallar institutunun Azərbaycan cəmiyyətindəki tarixi missiyasından bəhs edərək bildirib ki, milli-mənəvi dəyərlərin yaşadılması, ailə institutunun möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və cəmiyyətin sağlam inkişafında ağsaqqalların rolu əvəzsizdir. Eldar İbrahimov son illərdə Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində müşahidə olunan dinamizmdən, regionlarda həyata keçirilən layihələrdən və gənclərlə aparılan maarifləndirici işlərdən danışıb.
Konfransda çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov son illər Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəhərdə yeni park və xiyabanlar salınıb, küçə və prospektlər əsaslı şəkildə yenidən qurulub, məhəllədaxili yollar asfaltlanıb, yaşayış binalarının dam örtükləri və fasadları təmir edilib, müasir işıqlandırma sistemləri quraşdırılıb, sosial və infrastruktur layihələri uğurla icra olunub. Şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və sakinlərin rahatlığının təmin olunması istiqamətində mühüm addımlar atılıb.
Şəhər rəhbəri vurğulayıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Sumqayıt da öz inkişafının yeni mərhələsini yaşayır. O, yaxın illərdə şəhərdə həyata keçirilməsi nəzərdə tutulan layihələrdən, yeni sosial obyektlərin, istirahət məkanlarının və mühəndis-kommunikasiya infrastrukturunun yaradılmasından, həmçinin əhalinin rifahının yüksəldilməsinə xidmət edən təşəbbüslərdən danışıb.
Zakir Fərəcov çıxışında cəmiyyət qarşısında duran mənəvi çağırışlara da toxunaraq ailə institutunun möhkəmləndirilməsi, milli dəyərlərin qorunması, gənclərin zərərli vərdişlərdən uzaq saxlanılması və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində ağsaqqalların üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. O qeyd edib ki, ağsaqqalların həyat təcrübəsi və nüfuzu gənc nəslin düzgün istiqamətləndirilməsində böyük əhəmiyyət kəsb edir.
Konfransda çıxış edən digər natiqlər də ölkədə ağsaqqallara göstərilən yüksək dövlət qayğısından danışaraq Sumqayıt Şəhər Ağsaqqallar Şurasının fəaliyyətinin bundan sonra da şəhərin ictimai-mədəni həyatına mühüm töhfələr verəcəyinə əminliklərini ifadə ediblər.
Sonda yeni seçilmiş sədr Eldar İsmayılov ona göstərilən etimada görə minnətdarlığını bildirib, ağsaqqalların cəmiyyətin mənəvi dayağı kimi fəaliyyətlərini daha da gücləndirəcəklərini, gənclərlə işin, maarifləndirmə tədbirlərinin və ictimai təşəbbüslərin bundan sonra da diqqət mərkəzində saxlanılacağını qeyd edib.
Konfrans qarşıda duran vəzifələrin müzakirəsi və təşkilati məsələlərin həlli ilə başa çatıb.



Müzakirə qapadılmışdır.