Sumqayıt şəhər bələdiyyəsində məişət zorakılığı ilə mübarizə sahəsində il ərzində görülən işlərin yekunlarına həsr olunmuş tədbir baş tutub. Tədbirdə Sumqayıt şəhər bələdiyyəsi, Hacı Zeynalabdin bələdiyyəsi və Corat qəsəbə bələdiyyələrində fəaliyyət göstərən gender komissiyalarının üzvləri, məhəllə komitələrinin nümayəndələri, mənzil-kommunal idarəsinin əməkdaşları və ictimai fəal qadınlar iştirak ediblər.
Tədbiri açıq elan edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini və məişət zorakılığının qarşısının alınması üzrə əlaqələndirmə qrupunun rəhbəri Ülviyyə Müzəffərova bu sahədə il ərzində görülmüş işlər barədə danışıb. O, hüquqi və psixoloji yardımların əhəmiyyətini vurğulayıb, həmçinin digər qabaqlayıcı tədbirlərin həyata keçirilməsindən söz açıb. Ülviyyə Müzəffərova bələdiyyələrdə fəaliyyət göstərən məişət zorakılığına qarşı qutuların önəmini və onların işləmə mexanizmini diqqətə çatdırıb.
Daha sonra Sumqayıt şəhər Bələdiyyəsi sədrinin müavini Nərmin Mehdiyeva gender komissiyalarının il ərzindəki fəaliyyətindən, qarşılaşdıqları çətinliklərdən və onların həlli yollarından bəhs edib.
Tədbir iştirakçılarından bir çoxu çıxış edərək məişət zorakılığı ilə mübarizənin əhəmiyyətindən, bu istiqamətdə görüləcək tədbirlərin daha da genişləndirilməsinin vacibliyindən danışıb. Həmçinin cəmiyyətin bütün təbəqələrindən olan insanların bu mübarizəyə aktiv şəkildə qoşulmasının önəmi vurğulanıb.
Müzakirə qapadılmışdır.