Sumqayıt şəhərində YAP-ın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

920

Oktyabrın 19-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Ramiz Hüseynov bildirib ki, ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası  xalqımızın və ölkəmizin həyatına fundamental dəyişikliklər gətirməklə yanaşı, siyasi mübarizələrlə dolu çətin və şərəfli bir yol keçib. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin aparıcı qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti, partiyamızın Sədri İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir. YAP-ın VII Qurultayı isə partiyamızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, həmin dövrdəki siyasi proseslərdən, AXC-“Müsavat” hakimiyyətinin dövlətçiliyi məhvə sürükləyən siyasətindən bəhs edib. Zakir Fərəcov bildirib ki, müstəqilliyinə yeni qovuşmuş Azərbaycanın suverenliyini təhlükə qarşısında qoyan AXC-“Müsavat” hakimiyyətinin yürütdüyü yarıtmaz siyasət ölkədə anarxiyaya, vətəndaş qarşıdurmasına səbəb oldu. Belə bir zamanda Azərbaycan xalqı dövlətimizin xilaskarı olan ulu öndər Heydər Əliyevə üz tutdu və onu yenidən hakimiyyətə dəvət etdi. Bu, tarixi zərurət idi. 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək xalqımızı bütün çətinliklərdən xilas etdi. Ulu Öndər Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirərək ölkəmizi tərəqqi yoluna çıxardı.

Zakir Fərəcov bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının böyük nailiyyətlər qazandığını vurğulayıb. Ötən dövr ərzində Azərbaycanın dinamik inkişaf etdiyini qeyd edən İcra Hakimiyyətinin başçısı bu inkişafın Sumqayıt şəhərində də özünü ifadə etdiyini diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyevin Sumqayıtın inkişafı naminə xidmətlərini xatırladan Zakir Fərəcov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O qeyd edib ki, dövlətimizin başçısı Sumqayıta 31 dəfə səfər edib və cənab Prezidentin diqqəti sayəsində Sumqayıt inkişaf edən, müasir şəhərə çevrilib. İcra Hakimiyyətinin başçısı şəhərdə aparılan abadlıq və quruculuq işlərində YAP üzvlərinin də fəal iştirak etdiyini söyləyib.

Sonra tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının təsis konfransına sədrlik etmiş qabaqcıl təhsil işçisi Əvəz Mahmudov, Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev və “Dostluq” Mədəniyyət Evinin əməkdaşı, fəal gənc Səadət Nəcəfova Yeni Azərbaycan Partiyasının ötən 30 il ərzində qazandığı uğurlardan danışıblar. Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının bundan sonra da yüksək nailiyyətlərə imza atacağına inamlarını ifadə ediblər.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən mühüm səhifələrindən və həlledici dönüş nöqtələrindən biri olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü ərəfəsindəyik. Heç şübhəsiz, 30 il ərzində zəngin və şərəfli yol keçən, ölkəmizin tərəqqisinə layiqli töhfələr verən, yeni, müstəqil Azərbaycanın parlaq gələcəyi üçün etibarlı zəmin formalaşdıran Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycan dövlətinin inkişaf salnaməsidir. “Məlumdur ki, ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlində həm SSRİ miqyasında, həm də respublika səviyyəsində baş verən hadisələr Azərbaycanın olduqca mürəkkəb vəziyyətlə üzləşməsinə səbəb olmuşdu. Xüsusilə də, müstəqilliyin bərpasından sonra respublikada hakimiyyəti ələ keçirən qüvvələrin milli maraqlara zidd siyasəti nəticəsində ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürməsi, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi və bir sıra digər mənfi hallar ölkənin taleyini sual altında qoymuş, müstəqilliyin itirilməsi təhlükəsi yaratmışdı. Belə bir vəziyyətdə təcili və təxirəsalınmaz tədbirlər görmək zərurəti meydana çıxmışdı”,-deyən YAP Sədrinin müavini qeyd edib ki, tarixinin ən çətin sınaqlarından biri ilə qarşı-qarşıya qalan Azərbaycan xalqı ümidini müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, daim xalqın ali mənafeyini və dövlətçilik maraqlarını rəhbər tutan liderə bağlamışdı. Bu lider və tarixi şəxsiyyət məhz Heydər Əliyev idi. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısının Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etməsi Ümummilli Liderə sarsılmaz inam və etimadın ifadəsi idi. Heydər Əliyevin ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verməsi, həmin il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi və Ulu Öndərin partiyanın Sədri seçilməsi tarixi hadisə oldu. Güclü Lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində siyasi səhnədə layiqli yerini tutdu və xalqı öz ətrafında sıx birləşdirdi. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyət konsepsiyasını və prioritetlərini dövrün çağırışlarına, reallıqlarına uyğun müəyyənləşdirdi. YAP müstəqil Azərbaycanın maraqlarının etibarlı və qətiyyətli müdafiəçisinə çevrildi. Ölkəmiz 1993-2003-cü illərdə Yeni Azərbaycan Partiyasının qurucusu, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlər qazandı, sabitlik adasına, inkişaf diyarına, etibarlı tərəfdaşa və güclü dövlətə çevrildi.

YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, cənab İlham Əliyevin 2003-cü ildə Prezident, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının Sədri seçildikdən sonra həm partiyamızın həyatında, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Bütün sahələrdə görülən işlər, həyata keçirilən sistemli və məqsədyönlü islahatlar Azərbaycanın milli gücünün artmasını, beynəlxalq aləmdə mövqeyinin və imicinin güclənməsini, xalq-iqtidar birliyinin möhkəmlənməsini təmin etdi. Nəhayət, Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. Beləliklə, Azərbaycan ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu müstəqillik və tərəqqi yolunda əmin addımlarla irəliləyərək Zəfər zirvəsinə yüksəldi.

Bildirilib ki, yeni reallıqlar və çağırışlar fonunda Azərbaycanın qarşısında siyasi sabitliyin və milli həmrəyliyin qorunması, dayanıqlı inkişafın təmin olunması, tarixi Qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi və digər mühüm vəzifələr durur. Bu kontekstdə Yeni Azərbaycan Partiyasının da üzərinə xüsusi məsuliyyət düşür. Yeni Azərbaycan Partiyasının 2021-ci ilin martın 5-də baş tutmuş VII qurultayında partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə geniş imkanlar yaradır.

Tahir Budaqov qeyd edib ki, VII qurultaydan sonra təşkilatlanma, kadr və struktur dəyişiklikləri, partiyanın normativ hüquqi bazasının yaradılması və möhkəmləndirilməsi, uçot sisteminin təkmilləşdirilməsi, partiyanın ictimai-siyasi proseslərdə iştirakı və beynəlxalq əlaqələrinin genişləndirilməsi kimi istiqamətlərdə məqsədyönlü tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir. Sistemli fəaliyyət Yeni Azərbaycan Partiyasının ictimai-siyasi dayaqlarını gücləndirir, onun beynəlxalq aləmdə nüfuzunu artırır və xalq-iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirir.

Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq reallaşdırılması nəzərdə tutulan bütün tədbirlər YAP-ın 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna bir daha nəzər salınması baxımından mühüm əhəmiyyətə malikdir. Bu, xüsusilə də ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldən siyasətinin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli şüurun gücləndirilməsi və digər istiqamətlərdə böyük önəm daşıyır. Əlbəttə, partiyamızın rayon (şəhər) təşkilatları Tədbirlər Planına uyğun olaraq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, bütün tədbirləri yüksək səviyyədə təşkil etməlidirlər. 30 ilə yaxındır ki, Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin siyasi kursuna uyğun fəaliyyətini davam etdirən YAP Sumqayıt şəhər təşkilatı da bu məsələləri diqqət mərkəzində saxlamalıdır. Məlum olduğu kimi, 1993-cü il fevralın 20-də təsis olunan YAP Sumqayıt şəhər təşkilatının sıralarında 1 oktyabr 2022-ci il tarixinə 28927 nəfər birləşmişdir ki, onlardan 15877 nəfəri qadınlar, 14001 nəfəri gənclərdir.  Şəhər təşkilatının tərkibində 263 ərazi ilk partiya təşkilatı mövcuddur. Bu böyük potensial şəhər təşkilatının qarşısında duran bütün vəzifələrin mütəşəkkil qaydada və yüksək səviyyədə yerinə yetirilməsinə imkan verir.

“Şübhə yoxdur ki, yeni Azərbaycan gerçəkliyini yaratmış, 30 illik yubileyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası qarşıdakı dövrdə də öz üzərinə düşən vəzifələri layiqincə, əzmlə, inamla və şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verəcək, Azərbaycanın inkişafının və yeni qələbələrinin siyasi avanqardı kimi çıxış edəcək. Çünki Ümummilli Liderimizin dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Dünən Azərbaycan naminə tarixi məsuliyyəti öz üzərinə götürən Ümummilli Liderin ətrafında yaranmış, bu gün qalib xalqın Lideri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən YAP sabah da ümumxalq partiyası kimi fəaliyyətini uğurla davam etdirəcək, Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaq”-deyən, Tahir Budaqov Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub. Bir qrup fəal gənc isə YAP Sumqayıt şəhər təşkilatı tərəfindən fəxri fərmanlarla təltif ediliblər.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər