Sumqayıt sürətlə inkişaf edən modern şəhərə çevrilib

889

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin şəhər və rayonlarına müntəzəm səfərləri ilə sosial-iqtisadi inkişafın sürətləndirilməsini təmin edir, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması üçün tapşırıq və göstərişlər verir. Dövlətimizin başçısının iyulun 20-də Sumqayıtda olması da həmin mərama xidmət edib.

Cənab İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib. Sonra möhtərəm Prezidentimizin Sumqayıtın Şəhidlər xiyabanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olması, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak etməsi ilə sumqayıtlıları sevindirib.

Həyatının 45 ilinin sıx bağlı olduğu bu şəhərin hər uğuruna sevinən bir sakin kimi deyə bilərəm ki, Sumqayıt son dövrlərdə sürətlə inkişaf edib, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilib. Dövlət büdcəsindən dotasiya almayan və xərclərini gəlirləri hesabına ödəyən şəhərimizin gəlirləri ilbəil artır. Elə Prezident İlham Əliyev özünümaliyyələşdirməyə keçidə çağırış edərkən ilk növbədə ölkəmizin reallıqlarını nəzərə alır. Fərəhli haldır ki, Sumqayıt bu baxımdam nümunədir. Sözün həqiqi mənasında, öz ayaqları üzərində duran şəhərlə bağlı bu fikirləri bildirərkən, istər-istəməz unudulmaz şairimiz Nəbi Xəzrinin bir zaman yazdığı məşhur misraları xatırlayıram: “Sumqayıt oxuyur göylərə meydan, ayağı torpaqda möhkəm dayanmış”.

Şəhərimizdə yeni modern müəssisələrin, sosial xidmət sahələrinin istifadəyə verilməsi, abadlıq tədbirlərinin genişləndirilməsi əsl tərəqqi örnəkləridir. Məşğulluq və gəlir imkanlarının artırılması həm də o amillə şərtlənir ki, ölkədə bilavasitə ayrı-ayrı regionlar üçün ənənəvi olan təsərrüfat sahələrinin inkişafını hədəfləyən ardıcıl siyasət həyata keçirilir.

Məlumat üçün deyim ki, mən və həmkarlarım 1998-ci ildə “Potensial” Sumqayıt Mütəxəssislər Birliyini təsis etmiş, yerli və beynəlxalq təşkilatların dəstəyi ilə onlarca səmərəli layihəni həyata keçirmişik. Respublikamızın bir sıra aparıcı layihə institutları ilə əməkdaşlıq edir, aparılan irimiqyaslı tikinti işlərinin layihələndirilməsinə töhfələr veririk. Sumqayıtda sosial-iqtisadi inkişaf naminə atılan hər bir addım bizi hədsiz sevindirir. Prezident İlham Əliyevin aparılan işlərlə yaxından tanış olması, Sumqayıtın potensialının daha da artırılması və reallaşdırılması üzrə sərəncamlar verməsi ürəyimizcədir. Bax, elə bu dəfə də dövlət başçısı Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirakı ilə tərəqqiyə güclü təkan verdi.

Mən, həmçinin bir müharibə veteranı olaraq, Sumqayıtda şəhidlərin xatirəsinin əziz tutulmasından, qazilərin və veteranların qayğısına hərtəfərli qalınmasından hədsiz məmnunluğumu ifadə edirəm. Şəhərimizdəki Şəhidlər xiyabanının əsaslı təmirdən sonra daha da abad görkəm alması olduqca müsbət haldır. Prezident İlham Əliyev səfər çərçivəsində Şəhidlər xiyabanında aparılan yenidənqurma işləri ilə də tanış oldu və bu tədbirləri təqdir etdi.

Sahib FƏRZƏLİYEV,

“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, müharibə veteranı

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər