Sumqayıt teatrı yeni mövsümü əsaslı təmirdən çıxan binada açıb FOTOLAR

580

Noyabrın 22-si Sumqayıtın şəhər statusu almasının 67–ci ildönümüdür.  Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı da məhz bu günə təsadüf edib. Bu münasibətlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıtda olub.

AZƏRTAC xəbər verir ki, nazir Əbülfəs Qarayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.

Sonra Heydər Əliyev Mərkəzi, incəsənət məktəbi və yeni yaradılan bulvar kompleksi ilə tanışlıq olub.

Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı 60 ildən bəri ilk dəfə əsaslı təmir olunan və yenidən qurulan binada keçirilib. Əvvəlcə teatr binasının müasir avadanlıqlarla təchiz olunmuş konfrans zalına, iş, qrim və məşq otaqlarına baxış olub.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov yeni teatr mövsümünün açılışının şəhərin 67-ci ildönümü ilə üst-üstə düşməsini xoş bir təsadüf adlandırıb. Z.Fərəcov ümummilli lider Heydər Əliyevin hər zaman Sumqayıta önəm verdiyini, incəsənətə xüsusi qayğı göstərdiyini söyləyib. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin tövsiyə və göstərişləri, xüsusi qayğısı ilə Sumqayıt inkişaf edir, öz tarixinə yeni şanlı səhifələr yazır.

Z.Fərəcov respublikada mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini, əsaslı təmir olunan binada fəaliyyətə başlayan Sumqayıt Dövlət Dram Teatrının tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtın mənalı təşkilində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev teatrsevənlərı təbrik edərək, Sumqayıt teatrının keçdiyi inkişaf yolundan danışıb, bu sənət ocağının tamaşaçıların maariflənməsindəki xidmətlərindən söhbət açıb. “Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub”, – deyən nazir bu gün aparıcı teatrlarda fəaliyyət göstərən sənət adamlarının bir çoxunun bu sənət ocağının yetirmələri olduğunu xatırladıb. O, qısa müddətə teatrın binasının təmir olunmasını yüksək qiymətləndirib və bu teatrda önəmli tamaşaların nümayişinin ölkəmizin ictimai-siyasi həyatına da töhfə verəcəyini bildirib. Nazir qeyd edib ki, Sumqayıt həm asudə vaxtın, həm mədəni həyatın təşkili baxımından turist marşrutuna salınacaq və burada turizm otelləri tikiləcək.

Sonra bir qrup şəhər sakini və mədəniyyət işçisi Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları, habelə Mədəniyyət və Turizm Nazirliyinin diplomları ilə təltif olunub. Əməkdar Artist Namis Şirməmmədov yaradılan şəraitə, yüksək qayğıya görə yaradıcı heyət adından dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.

Daha sonra M.F.Axundzadənin “Hacı Qara” tamaşası təqdim olunub. Traktovkası və aktyor improvizəsi ilə fərqlənən Sumqayıt teatrının “Hacı Qara”sında baş qəhrəman rolunu istedadlı aktyor Akif Mirzəyev oynayıb. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Firudin Məhərrəmov, quruluşçu rəssamı isə Mustafa Mustafayevdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər