Sumqayıt Dövlət Dram Teatrında Zəfər günü münasibətilə yeni tamaşanın premyerası keçirildi. İdeya müəllifi və layihə rəhbər Əməkdar artist Mübariz Həmidov olan “Missiya” qəhrəmanlıq dramının müəllifi Hafiz Ataxanlı, quruluşçu rejissor xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssam Elşən Sərxanoğludur.Quruluşçu rəssam Elşən Sərxanoğlunun əsərin ideyasına uyğun tərtibatı, Fuad Kazımovun və Ümid Abbasın dramatik anları qüvvətləndirən musiqi seçimləri uğurlu alınıb.
Öncə teatrın direktoru Mübariz Həmidov bu zəfəri bizə yaşatmış, azadlq uğrunda canını fəda etmiş şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad olunmasına təklif verdi.
Vətənpərvərlik mövzusunda qələmə alınmış əsərin aktuallığını bildirən direktor qələbə mövzusunda, zəfər müjdəli əsərlərin bundan sonra da teatrın repertuarında önəmli yer tutacağını söylədi.
Müəllif Hafiz Ataxanlı və tamaşanın quruluşçu rejissoru, xalq artisti Firudin Məhərrəmov “Missiya”nın səciyyəvi cəhədlərindən danışdılar.
“Missiya” birpərdəli, 4 şəkilli qəhrəmanlıq dramında Xüsusi Təyinatlı Dəstənin zabiti Mübariz Eyvazov Şuşa uğrunda döyüşlərdə ağır yaralanır, komaya düşür və ruhlar aləmində 1-ci Qarabağ savaşında şəhid olmuş atasını görür. Onların dialoqlarında 1-ci Qarabağ savaşı ilə Vətən müharibəsi arasında paralellər aparılır. Zabit Eyvazov hospitalda gözünü açanda televizordan Ali Baş Komandanın “Əziz Şuşa, sən azadsan” sözlərini və insanların sevinc, qələbə dolu şüarlarını eşidir…
Əsas rolları əməkdar artist Rauf Ağakişiyev, aktyorlar Oktay Mehdiyev, Şəmistan Süleymanlı ifa edirlər. Digər obrazları Dağlar Rüstəmov, Yalçın Səlimov, Rövşən Hüseynov, Ceyhun Məhərrəmli, Aynur Hümbətova, Rövşad İlyasov, Etibar Əmirov, Ramazan Xanlarov, Zaur Şirinov, Elmir Mehdiyev canlandırırlar.
Bədii tərtibat Elşən Sərxanoğluna məxsusdur.
Tamaşa alqışlarla qarşılandı. Yaradıcı heyətin təzimi Qazilərin və Şəhid analarının səhnəyə dəvəti ilə davam etdirildi. Şəhid anaları onlara belə vətənpərvərlik ruhunda tamaşa təqdim etdiklərinə görə kollektivə və onun rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Sonra tədqiqatçı-publisist Üzeyir Əlizadə, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, şairə, tərcüməçi Rəfiqə Şəms, şair Elçin Həmidli çıxış edərək “Missiya” əsərinin Zəfər Bayramına gözəl gözəl hədiyyə olduğunu bildirdilər. Çıxışlarda qeyd olundu ki, Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, indi də missiya sənət adamlarındır. Onlar bu möhtəşəm qələbəni bədii dildə əks etdirməlidirlər. Qürurverici haldır ki, bu mənada Sumqayıt Dövlət Dram Teatrı öndədir.
Sonda səhnədə unudulmaz bir an yaşandı. Yaradıcı heyət səhnəyə dəvət olunmuş Şəhid anaları və Qazilərlə birgə Azərbaycan Himnini oxudular. Zaldakı tamaşaçılar da onlara qoşuldular!