Sumqayıt üzrə innovativ ideyalar müəyyən edilib

1317

Mingəçevir və Sabirabadla yanaşı, Sumqayıt şəhərinin də ən uğurlu startap layihələri artıq bəllidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberoxu.az-a verilən məlumata görə, “I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən startap turunun növbəti ünvanı Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi olub.

Martın 6-da baş tutan startap turuna 100-dən çox iştirakçı qatılıb.

Tədbirdə ilk olaraq informativ sessiya keçirilib, “I2B – İdeyadan Biznesə” layihəsinin konsepsiyası, layihə çərçivəsində keçirilən startap turlarının məqsədi, əldə olunan nəticələr və gələcək planlar barədə məlumat verilib.

Bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkətləri tərəfindən birgə həyata keçirilən “I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində baş tutan turlar startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının gerçəkləşdirilməsinə dəstək məqsədi ilə reallaşdırılır.

Tədbirin interaktiv hissəsində təşkilatçılar tərəfindən iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən təlim keçirilib.

Turun növbəti mərhələsində ideyası olan iştirakçılardan ibarət komanda formalaşdırılıb və komandalar peşəkar mentorlar tərəfindən müsabiqəyə hazırlanıb.

Müsabiqədə komandalar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Komanda rəhbərlərinin təqdimatlarından sonra sual-cavab və layihənin müzakirəsi aparılıb.

İkinci hissənin sonunda mütəxəssislərdən ibarət münsiflər Sumqayıt şəhəri üzrə I, II və III yerlərin qaliblərini müəyyənləşdiriblər.

Müsabiqədə I, II və III yerlərə müvafiq olaraq “Part of me”, “Keep hot” və “Military modul” layihələri layiq görülüb. Tədbirin yekununda qaliblər təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılıblar.

Qeyd edək ki, respublikanın rayon və şəhərləri üzrə startap turlarının qalibləri Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanır.

Milli Finalda 1-ci, 2-ci və 3-cü yerləri tutan komandalar layihədə nəzərdə tutulmuş əsas mükafatlara sahib olacaqlar.

Bundan əlavə, startap turları çərçivəsində qalib gələn layihələr mentor xidmətləri, investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin olunacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər