Keçmiş SSRİ-nin ən böyük kimya şəhərlərindən olan Sumqayıt artıq 1955-ci ildə elektrik nəqliyyatı ilə tanış idi. Şəhərdə 1 may 1955-ci ildə tramvay istismara verilmişdi.
Lent.az-ın xəbərinə görə, tramvay da artıq bir neçə il sonra artan tələbatı ödəyə bilmirdi. Tramvay xətti Nasosnı (indiki Tağıyev) qəsəbəsindəki Kimya kombinatı ilə şəhərin mərkəzini birləşdirirdi. Mikrorayonlar isə yenə də aztutumlu avtobusa möhtac idilər. Ölkə rəhbərliyi çarəni trolleybusda axtardı.
Bir neçə il zəhmətdən sonra şəhərdə trolleybus sistemi quruldu. Sınaqlardan sonra xətt o dövr üçün əlamətdar bir gündə – 28 aprel 1961-ci ildə (XI Qızıl ordunun Bakını işğal etməsi, daha doğrusu ADR-in süqutu) istismara verildi. Sonrakı onilliklərdə marşrut sayı 8-ə, xətlərin ümumi uzunluğu isə 48.9 km.ə çatdırıldı.
Trolleybus sistemi Sumqayıtda 80-ci illərin sonunda məlum hadisələr zamanı fəaliyyətini qısa müddətə dayandırmalı olsa da, bir sistem kimi özünü doğrultdu. Tramvay və trolleybus xətləri bir-birini tamamlayır və rəqabət aparmırdı. Başqa sözlə şəhərin bu başından o biri başına elektrik nəqliyyatı ilə getmək mümkün idi.
Sumqayıtda trolleybus parkının qara günləri daha əvvəl, məlum hadisələr zamanı başladı. Bu hadisələr zamanı trolleybusun fəaliyyətində müəyyən fasilələr yaransa da, park bir müddət sonra fəaliyyətini bərpa etdi. Lakin 90-cı illərdə başlayan qarışıqlıqlar, ölkədə siyasi sistemin dəyişməsi, iqtisadi tənəzzül trolleybus sistemindən də yan keçmədi. 20-ci əsrin sonunda artıq bütün sistem köhnəlmiş, yararsız vəziyyətə düşmüşdü. Yeni maşınlar alınmır, əldə olanlar isə tam yararsız hala düşdüyündən istismardan çıxarılır, xəttə buraxılan trolleybusların sayı azalırdı. Tramvay kimi trolleybus da şəhərdə göbələk kimi artan “Gazel”lərlə yarışa bilmirdi. Mikroavtobusların trolleybus marşrutunu təkrarlaması vəziyyəti daha da pisləşdirirdi. Rəqabətə dayana bilməyən xətlər də tədricən sökülürdü. 21-ci əsrin ilk illərində isə cəmi 1 marşrut işləyirdi. 6 nömrəli marşrut Ticarət mərkəzi ilə mikrorayonları birləşdirirdi ki, onun da əsas sərnişinləri ticarəçilər idi. Nəhayət, 1 yanvar 2006-cı ildə sonuncu marşrut da fəaliyyətini dayandırdı, kontakt xətti bütövlükdə söküldü. Bir müddət parkda və binaların qarşısında qalmış trolleybuslar ömrünü metaləritmə müəssisələrində başa vurdu. Park sovet modeli “MTB-82”, “ZİU-5” və “ZİU-9” trolleybuslarla yanaşı Çexiyanın (Çexoslovakiya) “Scoda-9” trolleybuslarından ibarət idi.
Sumqayıt trolleybusu 45 yaşına 4 ay qalmış fəaliyyətini tam dayandırdı. Hazırda Sumqayıtda mövcud olmuş trolleybus sistemindən heç bir nişanə qalmayıb – rusdilli saytlardakı fotolardan başqa. Onun yerini dolduran avtobus və mikroavtobuslardan isə razı qalan hələ ki, yoxdur.
P.S. Görəsən tramvay və trolleybus olmasa ötən əsrdə Sumqayıt hansı ekoloji fəlakətin qurbanı olacaqdı?
Vüqar Yaşaroğlu, lent.az