Sumqayıt-Yalama dəmir yolu yaxın 4 ildə təmir ediləcək

1325

Asiya İnkişaf Bankı (ADB) tərəfindən Azərbaycanda dəmiryolunun İnkişafı Proqramı çərçivəsində ayrılan kredit Sumqayıt-Yalama dəmiryolu xəttinin reabilitasiyası üçün istifadə ediləcək.

Bunu “Report”a açıqlamasında ADB-nin Azərbaycan üzrə direktoru Nariman Mannapbekov deyib.

N.Mannapbekov təmir ediləcək yolun 333 km-ə bərabər olacağını qeyd edib: “Paralel iki yoldan ibarət olan dəmiryolu xəttinin (Sumqayıt-Yalama, Yalama-Sumqayıt) hər birinin uzunluğu təxminən 166,5 km, birlikdə isə 333 km-dir. Yalama-Sumqayıt xətti keçmişdə tikilib və 50 il öncə reabilitasiya olunub. Amma bunu Sumqayıt-Bakı dəmiryolu xəttinə aid etmək olmaz. Çünki bu xətt təzəlikcə yenilənib. Yalama-Sumqayıt istiqamətində relslərin amortizasiyası 95%, qatarların sürəti isə 20-30 km/saat təşkil edir”.

Onun sözlərinə görə, stansiyaların sayı 30%-ə qədər azaldılacaq: “Hazırda bu marşrutda 21 stansiya var. Layihə çərçivəsində bu, 14-16 stansiyaya qədər azaldılacaq. Hansı ki, aradakı məsafənin artırılması sürətin yüksəlməsinə imkan verəcək. Layihənin həyata keçirilməsindən sonra elektrik təchizatı və siqnalizasiya sistemlərinin paralel bərpası və təkmilləşdirilməsi nəzərdə tutulur. Bununla da yük qatarlarının sürəti 80 km/saatadək, sərnişin qatarlarının sürəti isə 120-130 km/saatadək olacağı gözlənilir”.

ADB təmsilçisi işlərin 3,5 il ərzində yekunlaşmalı olduğunu qeyd edib: “ADB-in krediti effektivdir. Dəmiryol şirkəti (“Azərbaycan Demir Yolları” QSC) layihənin həyata keçirilməsi üçün lazımi sənədləri hazırlayır. Tezliklə beynəlxalq tender elan ediləcək. Müəyyən edilmiş müddətdə işlərin görülməsinə zəmanət verən uğurlu iddiaçı ilə mülki işlərə dair müqavilə imzalanacaq”.

Xatırladaq ki, qeyd edilən layihə çərçivəsində ADB tərəfindən Azərbaycan üçün ayrılan kreditin həcmi 400 mln. ABŞ dollarıdır. Bu barədə ADB-nin Direktorlar Şurası 2017-ci il dekabrın 1-də qərar qəbul edib. Kreditin 150 mln. dolları yolun reabilitasiyası, qalan 250 mln. dolları isə dəmiryolu idarəsinin korporativ restrukturizasiyası üçün nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər