Sumqayıta mediatur təşkil olunub- REPORT-UN REPORTAJI

851

Sumqayıt şəhərində baş çəkdiyi məkanlara bu gün mediatur təşkil olunub.

“Report” xəbər verir ki, mərasimdə ölkənin aparıcı media orqanlarının nümayəndələri iştirak ediblər.

Mətbuat işçiləri əvvəlcə Sumqayıt Kimya Sənaye Parkına gedib və orada ötən gün açılışı olan “Glassica” Qapalı Səhmdar Cəmiyyəti, eləcə də “Azərsulfat” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə tanış olublar.

Jurnalistlərə parkın fəaliyyəti, orada görülən işlər barədə məlumat verilib.

“Azərsulfat” MMC-nin Baş direktoru Emil Quliyev “Report”a bildirib ki, sulfat turşusu istehsalı müəssisəsi 1,5 hektar ərazidə inşa edilib.

Onun sözlərinə görə, müəssisədə mineral gübrələrin (superfosfat, amonium-sulfat) istehsalında, kimya sənayesi və metallurgiyada, neft sənayesində təmizləyici maddə kimi istifadə olunan sulfat turşusu istehsal ediləcək.

“Glassica” müəssisəsinin direktoru İbrahim Həsənov isə “Report”a açıqlamasında deyib ki, ümumi investisiya dəyəri 20 milyon manatdan çox olan müəssisədə il ərzində 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) istehsal olunacaq.

Onun sözlərinə görə, müəssisədə istehsal edilən məhsullar daxili tələbatı tam ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq.

Daha sonra mətbuat işçiləri ötən gün Prezident İlham Əliyevin açılışını etdiyi 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinə yollanıb.

Media nümayəndələri mərkəzin fəaliyyəti ilə tanış olublar.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev “Report”a açıqlamasında bildirib ki, Mərkəz üçün ayrılan 1,85 ha ərazidə 4 mərtəbəli inzibati bina, fəvvarə, yerüstü 2 avtomobil dayanacağı, kafe, istirahət və uşaq əyləncə meydançası yaradılıb.

Qeyd edilib ki, fasadlarda müasir texnologiyalardan istifadə edilib. Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 325 xidmət həyata keçiriləcəkdir. Mərkəzdə xidmət edən digər dövlət orqanları da daxil olmaqla, ümumilikdə 192 əməkdaş və 45 könüllü fəaliyyət göstərəcək.

Bildirilib ki, Mərkəzin Sumqayıt şəhəri, Qobustan, Xızı, Siyəzən və Abşeron rayonlarında qeydiyyatda olan, ümumilikdə 700 minə yaxın vətəndaşa xidmət göstərməsi nəzərdə tutulur.

Jurnalistlərin mediaturu Sumqayıt Şəhidlər xiyabanında yekunlaşıb. Media nümayəndələri burada görülən işlər barədə məlumatlandırılıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev “Report”a açıqlamasında Sumqayıt Şəhidlər xiyabanı haqqında məlumat verib.

Onun sözlərinə görə, Sumqayıt şəhərində 1992-ci ildə salınan, 513 şəhidin uyuduğu Şəhidlər xiyabanı 2021-ci ildə əsaslı şəkildə təmir olunub, kompleks yenidənqurma işləri aparılıb:

“Yenidən qurulan Sumqayıtın Şəhidlər xiyabanında qalib əsgər abidəsi ucaldılıb. Hündürlüyü 30 metr olan yeni bayraq dirəyi quraşdırılıb. Şəhidlər xiyabanının ərazisi genişləndirilərək 1,2 hektara çatdırılıb. Şəhidlər Xiyabanında yaşıllıq örtüyü salınıb, işıqlandırma sistemi müasirləşdirilib, fontan kompleksi inşa edili. Şəhidlər Xiyabanında birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 144 şəxs haqqında məlumatların əks olunduğu abidə quraşdırılıb”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər