Sumqayıtda “Çirklənmiş ərazilərin idarə edilməsi – keçid iqtisadiyyatı ölkələri üçün inkişaf imkanları” adlı beynəlxalq konfrans keçiriləcək. Konfrans 17-18 may 2010-cu il tarixdə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsi çərçivəsində baş tutacaq. Almaniya Federativ Respublikası ilə yanaşı bir neçə Avropa və MDB ölkəsindən 50-dək yerli və xarici ekspertlərin iştirak edəcəyi konfransın təşkilatçıları Sumqayıt və Lüdviqshafen partnyor şəhərləri, həmçinin Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti mütəxəssislərin Assosiasiyasıdır. 30 ildən artıqdır qardaşlaşmış şəhər əlaqəsinə malik olan Sumqayıt şəhəri ilə Almaniya Federativ Respublikasının Lüdviqshafen şəhərləri 2002-ci ildən etibarən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsində iştirak edir. Ötən müddətdə layihəyə əsasən alman mütəxəssislərin iştirakı ilə Sumqayıtda şəhər təsərrüfatının idarə olunması, ekologiya, təhsil və bir sıra digər sahələrdə müxtəlif tədbirlər həyata keçirilmişdir.