Dekabrın 4-də Sumqayıtda Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən tədbirdə şəhərdə yaşayan əlil insanları öz ətrafında birləşdirən ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov ölkəmizdə əlillərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra əlillərin sosial müdafiəsi məsələləri ön plana çəkilib. Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmanla əlillər günü respublikamızda hər il dövlət səviyyəsində qeyd edilir.
Çıxış edənlər bildiriblər ki, şəhərdə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış binaları istifadəyə verilib. Həmçinin onlar avtomobillərlə, bərpa və reabilitasiya kursları ilə, eləcə də protezlər və bir sıra başqa ləvazimatlarla təmin edilir, ehtiyacı olanlar xaricdə müalicə olunurlar. Bütün bunlar Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın əlillərin ehtiyaclarına və problemlərinə həssas münasibətinin sübutudur.
Sonra bir qrup əlil ictimai işlərdə fəal iştirak etdiklərinə görə mükafatlandırılıb.