Sumqayıtda Əlaqələndirmə Mərkəzi şəhid ailələri və qazilər üçün toplandı-FOTOLAR

818

Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılmış Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri və qazilər, iş adamları iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev bildirib ki, Mərkəz ötən dövr ərzində məşğulluğun təmin olunması istiqamətində ciddi addımlar atılıb, müsbət nəticələr əldə olunub.  Bir sıra problemlər aradan qaldırılıb.

Gündüz Əliyev görülmüş işlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, Sumqayıt şəhər Şəhidlər Xiyabanında 515 şəhid dəfn olunub ki, onlardan 407-si 1-ci Qarabağ müharibəsi, 106-sı 2-ci Qarabağ müharibəsi, 2-si isə son günlər erməni təxribatı nəticəsində həlak olan hərbiçilərimizdir. Əlavə olaraq şəhərimizin 8 nəfər şəhidi isə Respublikanın digər rayonlarında və II Fəxri xiyabanda dəfn olunub. Şəhidlər Xiyabanı əsaslı təmir edilərək qalib əsgərin abidəsi ucaldılmışdır. 3 orta məktəbə Milli və Vətən müharibəsi qəhrəmanlarının adı verilmişdir. Polad Həşimovun adını daşıyan 28 saylı orta məktəbdə büstü qoyulmuş və muzeyi yaradılmışdır. Ümumilikdə 38 şəhidin adına küçə verilib.

Gündüz Əliyev bildirib ki, şəhərdə 1-ci Qarabağ Müharibəsi zamanı 1000-ə yaxın, Vətən müharibəsi zamanı isə 200-ə yaxın hərbiçimiz müxtəlif əlillik dərəcəsi almışdır. Hər bir şəhid ailəsinə birdəfəlik maddi vəsait və ərzaq yardımı olunmuşdur. Belə ki, bu tədbirlərin keçirilməsinə cəmi 670700 manat vəsait xərclənmişdir. 2021-ci ilin yanvar ayından bu günə kimi şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına bayramlarda, əlamətdar günlərdə və özlərinin müraciəti əsasında 345100 manat məbləğində ərzaq yardımı və 389600 manat maddi yardım verilib.

Vurğulanıb ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən son illər 618 nəfər şəhid ailəsi və qazi uçota götürülüb. Onlardan 385 nəfər yeni mənzillə təmin olunub. Ötən dövr ərzində 233 şəhid ailəsi və qazi işlə təmin olunub. Tam fiziki hərəkətləri məhdud olan 27 qazimiz Əlaqələndirmə Mərkəzi tərəfindən himayəyə götürülüb. Sumqayıt şəhidləri haqqında 600 səhifəlik “Seçilmişlər” adlı kitab nəşr olunaraq təqdimatı keçirilib.

Tədbirdə şəhid ailələrinə və qazilərimizə bundan sonra da xüsusi həssaslıqla yanaşmanın vacibliyi vurğulanıb. Əlaqələndirmə Mərkəzinin gələcək fəaliyyəti və mövcud problemlərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər