Sumqayıtda gənc kimyaçıların respublika elmi konfransı keçirilmişdir

848

“Beynəlxalq kimya ili” çərçivəsində ARDNŞ-nin “Azərikimya” İB tərəfindən təşkil olunan silsilə tədbirlərin davamı olaraq oktyabrın 6-da Birliyin təşkilatçılığı ilə Sumqayıt şəhərində gənc kimyaçıların “Azərbaycanın neftçıxarma, neft emalı və neft-kimya sənayelərinin aktual problemləri” mövzusunda elmi konfransı keçirilmişdir. İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayevin və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, kimya elmləri doktoru, professor Vaqif Abbasovun həmsədr olduqları konfransda Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetinin, AMEA-nın Neft-kimya Prosesləri, Aşqarlar kimyası, Polimer Materialları və digər elmi-tədqiqat institutlarının, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 30-dək gənc tədqiqatçısının kimya elminin və neft-kimya sənayesinin müxtəlif sahələri üzrə elmi məruzələri dinlənilmişdir. Gənc aspirant və dissertantların neft-kimya sintezi, polimerlər kimyasının aktual problemləri, neft emalı proseslərinin təkmilləşdirilməsi və emal məhsullarının keyfiyyətinin yaxşılaşdırılması, Azərbaycanın neft-kimya və neft emalı sənayesinin məhsulları əsasında neftçıxarma sənayesi üçün yeni və mühüm komponentlərin, ingibitorların, ətraf mühitin mühafizəsi üçün yeni reagent və texnologiyaların işlənib-hazırlan¬ması və s. mövzulara həsr edilmiş məruzə və çıxışları konfrans iştirakçılarının marağına səbəb olmuşdur. Məruzələr həm də praktiki baxımdan, istehsalat yönümlü olması ilə seçilmişdir. Dinlənilmiş məruzələrin toplu halında nəşr edilərək bütün konfrans iştirakçılarına təqdim olunması, onların hər birinin respublikamızın nüfuzlu kimyaçı alimlərindən ibarət münsiflər heyəti tərəfindən obyektiv dəyərləndirilməsində mühüm rol oynamışdır. Tədbirin sonunda münsiflər heyətinin qərarına əsasən Neft-Kimya Prosesləri İnstitutunun aspirantı Lalə Əfəndizadə müsabiqənin qalibi elan olmuşdur. İkinci mükafata BDU-nun aspirantı Xamməd Əsədov və Neft-Kimya Prosesləri İnstitutunun gənc tədqiqatçısı Könül Qasımova, üçüncü mükafata isə Azərbaycan Dövlət Neft Akademiyasından İradə Xələfova və Nigar Məmmədova, Polimer Materialları İnstitutundan Olqa Qreçkina və Aşqarlar Kimyası İnstitutundan Natəvan Talışova layiq görülmüşlər. Daha səkkiz gənc tədqiqatçıya həvəsləndirici mükafatlar təqdim olunmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər