Sumqayıtda gəncləri narahat edən daha bir problem həll olunur - VİDEO

1964


“Nə qədər təəccüblü səslənsə də, Sumqayıt şəhərində kinoteatr yoxdur. Vaxtilə fəaliyyət göstərənlər isə artıq tarixə qovuşub. Görəsən bu hal nə qədər davam edəcək. Aidiyyəti qurumlar bəs nə deyir?”

Sumqayıt sakini, 36 yaşlı Rəşad deyir ki, təəssüf ki, yaşadığı məkanda asudə vaxtın səmərəli keçirilməsi üçün əlverişli şərait yoxdur. Gənclərin ən çox arzuladığı əyləncə yeri isə kinoteatrlardır. İstədikləri filmi izləmək üçün məcburiyyət qarşısında qalıb paytaxta üz tuturlar:

“Mən çox istərdim Sumqayıtda kinoteatr olsun. Ən böyük səbəb də odur ki, tək özüm üçün fikirləşmirəm. Mən həftədə demək olar ki, bir dəfə Bakının müxtəlif mollarında, kinoteatrlarında film izləməyə gedirəm. Əziyyətdir, məsrəfdir, yol uzaqdır. Çox istərdim ki, Sumqayıtımızın da görkəmli yerində gözəl bir kinoteatr tikilsin. Kim tərəfindən tikiləcək, onu bilmirəm. Amma çox istərdim. Mən və mənim övladlarım istərdik ki, gedib oturaq, sakit bir yerdə film izləyək”.

Bir zamanlar Sumqayıtda bir neçə kinoteatr var idi. “Vaqif”, “Nizami”, “Kosmos”, “Cırtdan”, “Qarabağ”… İnsanlar bəzən saatlarla kassaların qarşısında növbə gözləyir, bilet tapa bilmirdilər.

Amma ümid verən məqamlar da var. 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş “Nizami” kinoteatrı sökülərək yenidən tikilir. Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək. Üç zaldan ibarət olacaq kinoteatr ilin sonuna kimi kinosevərlərin ixtiyarına veriləcək: “Son 30 ildə bu kinoteatrdan ümumiyyətlə istifadə olunmamışdı. Bu da sözsüz ki, kinoteatrı daha da baxımsız vəziyyətə gətirib çıxarmışdı. Bu il 70 illik ərəfəsində Sumqayıt kinoteatrının müasir avadanlıqla təchiz olunaraq yeni dizaynda şəhər sakinlərinin ixtiyarına verilməsi planlaşdırılır. Yəqin ki, ilin sonunda şəhər sakinləri bu kinoteatrdan istifadə edə biləcək”. Görünən odur ki, kinomanlar doğma şəhərdə rahat şəkildə film izləmək üçün ilin sonunu gözləməlidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər