Sumqayıtda “Heydər Əliyev Məktəbi”nin növbəti- yeddinci məşğələsi keçirilib – FOTO

386
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunmuş “Heydər Əliyev Məktəbi”nin növbəti- yeddinci məşğələsi keçirilib. Məktəbin növbəti məşğələsində YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Dövlət Təhlükəsizlik Xidməti Sumqayıt şəhər İdarəsinin rəisi Natiq Səmədov, şəhərin fəal gəncləri arasından seçilmiş dinləyiciləri iştirak ediblər.
İlk öncə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əvvəlcə Ramiz Hüseynov çıxış edərək bildiribki, Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər dövlət təhlükəsizliyi sisteminin əsaslı şəkildə və hərtərəfli möhkəmləndirilməsi, dövlətçiliyimizin qorunması ilə bağlı təxirəsalınmaz vəzifələrin yüksək peşəkarlıqla icra edilməsi, müasir tələblərə cavab verən yeni nəsil kadr potensialının formalaşdırılması, bu məqsədlə xüsusi təhsil müəssisəsinin yaradılması, təhlükəsizlik xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və s. mühüm islahatlar kompleksinin həyata keçirilməsi ilə əlamətdar olmuşdur.
Təhlükəsizlik Xidməti Sumqayıt şəhər İdarəsinin rəisi Natiq Səmədov “Ulu Öndərin Dövlət Təhlükəsizliyi sahəsində fəaliyyəti” mövzulu məruzəsini oxudu. Natiq Səmədov bildirdi ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın təhlükəsizlik orqanlarının fəaliyyətində tamamilə yeni bir dövr başlanmış, bu orqanların vətənpərvər əməkdaşları xalqın iradəsinin müdafiəsinə səfərbər olmuşlar. Ulu öndər Heydər Əliyevin respublikada siyasi hakimiyyətə qayıdışına qədər dövlət idarəçiliyindəki xaos və naşılıq bu orqanlara sirayət etsə də, şəxsi heyətin mənəviyyatca sağlam, ideyaca milli, mahiyyətcə peşəkar qismi öz xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, müstəqil dövlət quruculuğu prosesində isə təhlükəsizliyin təmin edilməsində prinsipial mövqe və sədaqət nümayiş etdirmiş, ölkəmizin suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısına möhkəm sipər çəkmişlər.
Məruzəsinin sonunda Natiq Səmədov qeyd edib ki, dövlətin və xalqın təhlükəsizliyinin təmin edilməsi sahəsində Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş strateji xətt, bu xəttin uğurla reallaşdırılmasına imkan verən sağlam və mütərəqqi ənənələr bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və prinsipial rəhbərliyi altında uğurla davam etdirilir. Dünyanın ayrı-ayrı bölgələrində münaqişə və xaosun hökm sürdüyü, insanların faciələrə düçar olduğu, çoxsaylı yaşayış məntəqələrinin xarabazara çevrildiyi bir vaxtda Azərbaycan davamlı inkişaf, dayanıqlı sabitlik və təhlükəsizlik məkanı kimi tanınır. Bu nailiyyətin təməlində ümummilli lider Heydər Əliyev ideyalarının cəmiyyətin aparıcı mənəvi-siyasi amalı, onun layiqli davamçısı cənab İlham Əliyevin dövlətçilik fəaliyyətinin alternativsiz kursu kimi xalq tərəfindən yekdilliklə qəbul edilməsi dayanır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər