Mədəniyyət Nazirliyi yanında yaradılmış İctimai Şura ölkənin mədəniyyət müəssisələrinin günün tələbləri səviyyəsində fəaliyyət göstərmələrində, ölkənin mədəni həyatının zəngin və rəngarəng olmasında çox maraqlıdır. Bu səbəbdən də şuranın nəzdində fəaliyyət göstərən işçi qrupları həm paytaxtda, həm də regionlarda müxtəlif səpkili tədbirlər həyata keçirməkdədir. Növbəti belə tədbir gənclik şəhəri olan Sumqayıtda baş tutub.
Son dövrlərdə Sumqayıt şəhərinin mədəni həyatında bir canlanma hiss olunur, bu sahədə kreativlik, yeni yanaşma tərzi öz sözünü deməkdədir. Bəşəriyyəti cənginə almış COVİD – 19 pandemiyasının məhdudiyyətləri şəraitində yaranmış çətinliklərə baxmayaraq mədəniyyət sahəsi inkişafdan qalmır, teatr premyeraları, kitab yarmarkaları, rəsm sərgiləri, müxtəlif təqdimatlar, müsabiqələr, virtual platformalarda forum və müzakirələr keçirilir, sosial mediada tanınmış sumqayıtlılar barədə tanıtım çarxları çəkilib nümayiş etdirilir.
Daha nələr etmək olar ki, sumqayıtlıların, xüsusən şəhər gənclərinin asudə vaxtları səmərəli keçsin, onların mədəni səviyyəsi daha da yüksəlsin?
Fevralın 17-də Sumqayıt şəhər Poeziya Evində Sumqayıt Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın Kitab Nəşri və Ədəbiyyat İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Sumqayıt şəhərinin mədəni həyatı – yeni çağırışlar və perspektivlər” mövzusunda şəhərin tanınmış mədəniyyət xadimlərinin, gəncliyin nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.
Öncə tədbir iştirakçıları Poeziya evində təşkil edilmiş kitab, rəsm və dekorativ əl işləri sərgisi ilə tanış olublar.
Tədbirdə mədəniyyətin bütün sahələri – ədəbiyyat, kitabxanalar, muzeylər, kino, teatr, musiqi, rəssamlıq, fotoqrafiya, memarlıq və heykəltəraşlıq kimi sahələr əhatə olunub, hər sahənin cari durumu, görüləcək işlər, perspektiv planlar müzakirə predmetinə çevrilib.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvlərini və tədbir iştirakçılarını salamlayaraq bu cür tədbirlərin mədəniyyət işçilərinin fəaliyyətinin tənzimlənməsi prosesində əhəmiyyətindən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yürüdülən mədəniyyət siyasətinin özəlliklərini və məhz bu siyasətin nəticəsi olaraq Azərbaycanın milli-mədəni irsinin dünya çapında xüsusi çəkiyə malik olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, Sumqayıt şəhərinin mədəni həyatında baş verən yeniliklərdən və qarşıda duran vəzifələrdən söz açaraq tədbir iştirakçılarını müzakirələrdə fəal iştirak etməyə səsləyib.
Sonra çıxış üçün söz Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyliyə verilib. O, rəhbərlik etdiyi İctimai Şuranın fəaliyyət proqramı, şuranın nəzdində yaradılmış İşçi Qrupları və onların funksiyaları haqda tədbir iştirakçılarına ətraflı məlumat verib. Bugünki dinləmələrin Şuranın “Kitab Nəşri və Ədəbiyyat” İşçi Qrupunun təşəbbüsü ilə keçirildiyini söyləyib və rəhbərlik etdiyi qurumun bütün kreativ təşəbbüslərə açıq olduğunu qeyd edib.
Tədbirdə iştirak edən Sumqaqyıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, İctimai Şura sədrinin müavinləri Şahin Qədirli və Əkbər Qoşalı bu cür tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Sumqayıtın mədəniyyət işçilərinə gələcək fəaliyyətlərində uğurlar diləyiblər.
“Kitab Nəşri və Ədəbiyyat” İşçi Qrupunun rəhbəri, yazıçı, əməkdar jurnalist Varis doğulub boya-başa çatdığı Sumqayıt şəhərinin hər zaman təəssübünü çəkdiyini və doğma şəhərinin mədəni həyatında tərəqqi və inkişafa nail olmağın vacibliyini, bu yolda sumqayıtlı mədəniyyət işçilərinə hər zaman dəstək olmağa hazır olduqlarını dilə gətirib.
Milli Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni vaxtilə özünün də Ə.Bakıxanov adına Musiqi Məktəbində müəllim olaraq fəaliyyətə başladığını, bu sahənin ona çox doğma olduğunu qeyd edib. Sumqayıtın mədəniyyət müəssisələrinin rəhbərlərini və əməkdaşlarını qeyri-hökümət təşkilatları ilə əməkdaşlığa çağırdı və bu yöndə təşəbbüs göstərənlərə hər cür yardımçı olacağını bildirib.
Daha sonra söz sumqayıtlı ziyalılara və mədəniyyət işçilərinə verilib.
Respublika Prezidentinin fərdi təqaüdçüsü, əməkdar müəllim, tanınmış şair Ofelya Babayeva çıxış edərək özünəməxsus ədəbi ənənələri olan Sumqayıt ədəbi camiəsinin qazandığı uğurlardan, sumqayıtlı yazarların imza atdıqları uğurlu əsərlərdən, yeni nəşr olunmuş kitablardan, qarşılaşdıqları problemlərdən danışıb. Mədəniyyət və ədəbiyyat sahəsində fasiləsiz və uzun müddət çalışan fəal mədəniyyət işçilərinin əməyinin qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Əməkdar mədəniyyət işçisi Vaqif Süleymanov ölkəmizin üçüncü böyük şəhəri olan Sumqayıtda Filarmoniyanın yaradılması, şəhərdə simfonik və ya kamera orkestrinin təşkil edilməsi təşəbbüsü ilə çıxış edib. O, bunun üçün yetərincə peşəkar Sumqayıt musiqiçilərin olduğunu nəzərə çatdırıb.
Sumqayıtın Tarixi Muzeyinin direktoru Aygün Zülfüqarlı Muzey və Qalereya fondlarının zənginləşdirilməsi üçün ziyarətçiləri daha çox cəlb edəcək eksponat və əsərlərin alınmasına ehtiyac yarandığına, bunun üçün şəhərin imkanlı şirkətlərinin mədəniyyət müəssisələrinə hamilik etməsinə diqqət çəkib, muzeydə interaktiv ekspozisiyaların yaradılmasına ehtiyac duyulduğunu nəzərə çatdırıb.
Mərkəzi Kitabxana Sisteminin direktor müavini Natəvan Axundzadə şəhərin informasiya təminatının həyata keçirilməsində kitabxanalarda müasir tələblərə uyğun olaraq, yeni texnologiyaların tətbiqinin zəruri olduğunu qeyd edib. Bu baxımdan, Sumqayıtda yeni standartlara uyğun, geniş oxucu kütləsinə xidmət göstərəcək kitab evinə ciddi zərurət olduğunu bildirib.
Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşı, dekorativ-tətbiqi sənət ustası, modelyer-dizayner və keçəçi rəssam Günel Məhərrəmqızı beynəlxalq çərçivədə təşkil olunan festivallarda Baki ilə yanaşı, Sumqayıtda fəaliyyət göstərən dekorativ- tətbiqi sənət ustalarının da iştirakının təşkil olunmasını arzuladığını bildirib. Bakıda keçirilən sərgi və tədbirlərdə Sumqayıt dekorativ-tətbiqi sənət ustalarının iştirakını təmin etməyin və onların əsərlərinin satışına dəstək olmağın vacibliyini vurğulayıb.
Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Suluboya Cəmiyyətinin üzvü, peşəkar rəssam İntiqam Cəfərov rəssamların rahat şəkildə yaradıcılıqla məşğul olmaları üçün art-emalatxanalarla təmin edilməsinin, keçirilən sərgilərdə rəssamlarin əsərlərinin satışının təşkil olunmasının günün tələbi olduğunu bildirib. İctima Şuranı sumqayıtlı rəssamların da əsərlərinin ölkədaxili və beynəlxalq sərgilərdə tanıdılmasına kömək etməyə və Beynəlxalq art-festivallara dəvət almış rəssamlara maddi cəhətdən dəstək olmağa çağırıb.
“Dostluq” mədəniyyət evinin bədii rəhbəri Gülnar Məmmədova söz alaraq bildirib ki, Sumqayıt şəhərinin mədəni həyatının inkşafında mədəniyyət işçiləri öhtələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar və əllərindən gələni əsirgəmirlər. Sumqayıt şəhəri gün-gündən abadlaşır və böyüyür. Bütün bunların müqabilində mədəniyyət müəssisələrinin öhtəsinə daha mühüm işlər düşür. Lakin əfsuslar olsun ki, hələ də müasir tələblərə cavab verməyən müəssisələr mövcuddur. Sumqayıt Regional Mədəniyyət İdarəsinin balansında olan “Energetik” və “İnşaatçılar” mədəniyyət evləri isə istifadəyə yararsız vəziyyətdədir. Bu mədəniyyət evlərinin əsaslı təmirə ehdiyacı var. 30 ilə yaxın bir müddətdə “Energetik” və “İnşaatçılar” mədəniyyət evlərində məcburi köçkünlər yerləşdirilib. Hazırda isə mədəniyyət evlərinin birində bir ailə, digərində isə üç ailə yaşayır. Bu müəssisələr əsaslı təmir olunarsa, yenidən öz əvvəlki fəaliyyətlərini davam etdirə bilərlər. Şükürlər olsun ki, Ali Baş Komandan, cənab İlham Əliyevin sayəsində 44 günlük müharibədə torpaqlarımız işğaldan azad edilib, məcburi köçkünlərin də növbəti mərhələdə öz yurdlarına geri dönüşü bu məsələnin həllini reallaşdıracaq.
“Dostluq” mədəniyyət evinin əməkdaşı Səadət Nəcəfova həmkaranın fikirlərini davam etdirərək bildirib ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin ərazisi böyükdür, əhalisi qeyri rəsmi statistikaya uyğun olaraq 50.000 nəfəri ötən bu qəsəbədə də quruculuq, abadlıq işləri uğurla davam edir. Bu qəsəbənin gəncləri həyatın bütün sahələrində kifayət qədər fəaldırlar. Lakin qəsəbədə gələcəkdə daha çox istedadlı gənclərin üzə çıxmasında, uşaq və yeniyetmələrin asudə vaxtlarını daha səmərəli keçirmələrində böyük rolu olan heç bir mədəniyyət evi fəaliyyət göstərmir. Əhməd Bakıxanov adına incəsənət məktəbinin binası da qəzalı vəziyyətdədir, əsaslı təmirə ehtiyacı var. Çox istərdik ki, bu məsələlər yaxın gələcəkdə öz həllini tapsın.
“28 May” mədəniyyət evində fəaliyyət göstərən xalq teatrının rejisoru Amil Babayev söz alaraq bildirib ki, respublikada keçirilən “Xalq Teatrları Festifalı”nın final mərhələsinin Sumqayıt şəhərində təşkil olunması Sumqayıtın mədəni həyatına bir canlanma gətirər. Həmçinin xalq teatrlarının səhnə geyimləri, rekvizitlər, dekorasiyalarla təminatı məsələsini gündəmə gətirib.
Gənc şair Elvin Əlizadə Sumqayıtda yaşayan gənc yazarların kitablarının çapına dəstək göstərilməsi, onların televiziyalarla çıxışlarına şərait yaradılması və tərcümə mərkəzləri ilə əlaqələrin qurulması yolu ilə dünyaya inteqrasiya etmələri üçün şərait yaradılması məsələsinə toxunub.
Sonda çıxış edən şəhər ziyalıları, mədəniyyət xadimləri bu cür tədbirlərin keçirilməsinə görə ölkə rəhbərliyinə, Mədəniyyət Nazirliyinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə və tədbirin təşkilində xidmətləri olan hər bir şəxsə minnətdarlıqlarını bildiriblər, belə tədbirlərin təşkilinin şəhərin mədəni həyatına təkan verəcəyinə əmin olduqlarını vurğulayıblar.