Sumqayıtda qaz xətlərinin yenilənməsi ilə bağlı işlər yekun mərhələyə çatır
Sumqayıt şəhərinin Heydər Əliyev prospektində istismar müddəti başa çatmış qaz borularının yeniləri ilə əvəz olunması istiqamətində həyata keçirilən işlər uğurla davam etdirilir. Layihə çərçivəsində təhlükəsizliyin artırılması və dayanıqlı qaz təchizatının təmin olunması məqsədilə köhnə xətlər tamamilə yenilənir.
Aparılan işlər zamanı qaz xətlərinin yerləşdiyi ərazilərdə, o cümlədən nəqliyyat vasitələrinin hərəkət etdiyi yol hissələrində zəruri qazıntı işləri həyata keçirilmişdir. Bu səbəbdən müəyyən müddət ərzində yol infrastrukturunda məhdudiyyətlər yaranmışdır.
Hazırda layihə üzrə əsas texniki işlərin böyük hissəsi artıq yekunlaşmışdır. Mövcud vəziyyəti nəzərə alaraq, nəqliyyatın və piyadaların hərəkətinin bərpası istiqamətində növbəti mərhələyə start verilmişdir.
Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin tapşırığına uyğun olaraq, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazıntı aparılmış ərazilərdə asfalt örtüyünün bərpası işlərinə başlanılmışdır. Artıq prospektin əhəmiyyətli hissəsində asfaltlanma işlərinə start verilib və bu istiqamətdə işlər davam etdirilir.
Görülən tədbirlər nəticəsində yaxın müddət ərzində Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkəti tam şəkildə bərpa olunacaq, sakinlərin gündəlik rahatlığı təmin ediləcəkdir.
Qeyd edək ki, həyata keçirilən bu işlər şəhərin qaz infrastrukturunun yenilənməsi və müasir standartlara uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.



Müzakirə qapadılmışdır.