Sumqayıtda məktəblilər üçün rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzusunda tədbir keçirilib

297

Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər Baş Polis İdarəsiAbşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə şəhərin 7 nömrəli tam orta məktəbində məktəblilər üçün “Rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirin əsas məqsədi şagirdlərin rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılması, kibertəhlükələrdən qorunma yollarının izah edilməsi, sosial şəbəkələrdən düzgün və məsuliyyətli istifadə vərdişlərinin aşılanması olub.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova iştirak edərək çıxış edib. O, müasir dövrdə rəqəmsal savadlılığın vacibliyindən danışaraq bildirib ki, internet və sosial media gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, bu imkanlardan düzgün istifadə olunması xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, xüsusilə yeniyetmələrin kibertəhlükəsizlik qaydaları, şəxsi məlumatların qorunması və onlayn etik davranış prinsipləri barədə məlumatlı olması vacibdir.

Çıxışlarda məktəblilərə sosial şəbəkələrdə təhlükəsiz davranış, şəxsi məlumatların paylaşılması zamanı diqqətli olmaq, kiberdələduzluq halları, saxta linklər və zərərli məzmunlardan qorunma yolları barədə ətraflı məlumat verilib. Həmçinin rəqəmsal platformalarda ünsiyyət zamanı etik qaydalara riayət edilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə iştirak edən digər çıxışçılar da müasir informasiya texnologiyalarının yaratdığı imkanlarla yanaşı, internet mühitində mövcud risklərdən danışaraq məktəbliləri diqqətli və məsuliyyətli olmağa çağırıblar. İnteraktiv formada keçirilən görüş zamanı şagirdlərin sualları cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda məktəblilərə kibertəhlükəsizlik və rəqəmsal davranış qaydaları ilə bağlı tövsiyələr verilib, bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdiriləcəyi bildirilib.     



 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər