Sumqayıtda Milli Qəhrəman Qorxmaz Eyvazovun xatirəsi anılıb

2069

Sumqayıtda Milli Qəhrəman Qorxmaz Eyvazovun şəhid olmasının 25 illiyinə həsr olunan anım mərasimi keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman övladların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Sumqayıtdakı Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, şəhid Qorxmaz Eyvazovun anım mərasimi keçirilib. Tədbir Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidin ailə üzvləri və tədbir iştirakçıları Sumqayıtın Şəhidlər xiyabanında Milli Qəhrəmanın məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Anım tədbiri 400-ə yaxın şəhidin uyuduğu şəhər memorial kompleksində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan qəhrəman övladların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycanın Dövlət himni səsləndirilib.

Mərasimin aparıcısı, yazıçı–ssenarist Hafiz İmamnəzərli Qorxmaz Abış oğlu Eyvazovun qısa, lakin mənalı və şərəfli həyat yolu barədə məlumat verib. Bildirilib ki, 1967–ci il aprelin 1-də Laçın rayonunun Güləbird kəndində dünyaya göz açan Qorxmaz cəmi 27 il yaşayıb. O, Horadiz əməliyyatında göstərdiyi şücaətə görə Ali Baş Komandan Heydər Əliyev tərəfindən qol saatı ilə mükafatlandırılıb. 1994-cü il fevralın 10-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. Məhz həmin döyüşdə Azərbaycan Ordusu düşmən tapdağı altında olan torpaqlarımızın bir hissəsini, o cümlədən Cocuq Mərcanlını azad edib. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1995-ci ildə Qorxmaz Eyvazova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Bildirilib ki, Cocuq Mərcanlı azad edilsə də, strateji Lələtəpə yüksəkliyi düşməndə olduğuna görə orada yaşamaq mümkün deyildi. 2016-cı ilin Aprel döyüşlərində qəhrəman Azərbaycan əsgəri Lələtəpəni düşmən əsarətindən qurtarıb və bu gün həmin strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Cocuq Mərcanlıda isə həyat qaynayır.

Sonra şəhidin qardaşı Zahid Eyvazov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər filialının sədri Tərlan Hacızadə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov, Lacın rayon ictimaiyyətinin nümayəndəsi Qəzənfər Hüseynov, şəhid atası Azad Məmmədov, Milli Qəhrəman Zabir Quliyev, Aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Ruslan İmamquliyev, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şəhər bölməsinin sədri, şair Gülnarə Cəmaləddin, gənc şair Zahir Abbas və digərləri Aprel döyüşlərindən, Azərbaycan əsgərinin qüdrətindən söz açıb, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclənən silahlı qüvvələrimizin bu gün regionda ən qüdrətli ordu olduğunu diqqətə çatdırıblar.

Çıxış edənlər bu tədbirin əhəmiyyətindən danışaraq, Qorxmaz Eyvazov haqqında xatirələrini bölüşüblər. Qorxmaz Eyvazovun ömrünün gənclərə örnək olduğu vurğulanıb.

Uşaq kitabxanasının dərnək üzvlərinin təqdim etdikləri şeirlər tədbirə xüsusi rəng qatıb.

Sonda Milli Qəhrəmanın oğlu, polis baş leytenantı Asəm Eyvazov atasının bayraq, dövlət uğrunda şəhid olduğuna görə qürur duyduğunu deyib. O, anım tədbirinin təşkilinə görə ailə üzvləri adından minnətdarlığını bildirib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər