Sumqayıt Şəhər İcra Hakimiyyəti və “Azərbaycan” qəzeti “Heydər Əliyev İli” çərçivəsində birgə konfrans keçirib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycanın memarı və qurucusu” mövzusunda keçirilən konfransda şəhidlərimizin və Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, Müasir Azərbaycanın tarixinin 34 ildən artıq bir dövrü Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycana həm birinci, həm də ikinci rəhbərliyi mərhələsi tariximizə yüksəliş və quruculuq dövrü kimi daxil olmuşdur. Respublikamızın hansı şəhərinə, hansı rayonuna baş çəksək Ulu Öndərin dövlət və xalq qarşısındakı müstəsna xidmətlərinə şahidlik edərik.
Zakir Fərəcov qeyd edib ki, bu gün nəinki Azərbaycanın, bütün Qafqazın sənaye mərkəzi kimi tarixi şöhrətini bərpa edən Sumqayıtın da yüksəlişində Ümummili Lider Heydər Əliyevin böyük xidmətləri vardır. Hazırda öz intibahının yeni mərhələsini yaşayan şəhərimizin sovet hakimiyyəti dövründə inkişafı və nəinki keçmiş SSRİ-də, bütün dünyada tanınması məhz Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Sumqayıtın 74 illik tarixinin hər bir mərhələsini təhlil etsək görərik ki, sovet illərində məhz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə şəhərimizin möhtəşəm tarixi yazılıb.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Heydər Əliyevin Azərbaycanın bütün sahələrdə inkişafı və tərəqqisi naminə gördüyü işlərdən ətraflı danışıb, Ulu Öndərin hər gün anıldığını, xatırlandığını diqqətə çatdırıb. Vurğulayıb ki, Ulu öndər Heydər Əliyev hansı vəzifədə olmasından asılı olmayaraq, həmişə ölkəsi, xalqı, Azərbaycanın gələcəyi üçün zəruri addımlar atıb. Bütün varlığı ilə Vətəninə, torpağına, xalqına sədaqətli insan olub. Həyatı boyu çalışdığı bütün sahələrdə və vəzifələrdə Vətəninin bu gününü və gələcəyini düşünüb, konkret əməli işlər görüb.
Konfransda Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev “Sumqayıtın inkişafı və yüksəlişinin banisi Heydər Əliyevdir”, Şöhrət ordenli, əməkdar müəllim Ofelya Babayeva “Heydər Əliyev irsi Sumqayıtda layiqincə yaşadılır”, Asan Xidmət Mərkəzinin Baş mütəxəssisi, gənc fəal Fəridə Qafarova “Heydər Əliyev ideyaları sumqayıtlı gənclərin istinadgahıdır”, Etilen-polietilen zavodunun direktoru Oqtay Niftəliyev “Heydər Əliyev-Sumqayıtda sənayenin inkişafı”, Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev “Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərdir” mövzusunda çıxış ediblər.
Qeyd edək ki, konfransda səsləndirilən bütün çıxışlar “Azərbaycan” qəzetinin növbəti sayında tam şəkildə dərc ediləcək.
Müzakirə qapadılmışdır.