Sumqayıtda NATO-nun dəstəyi ilə seminar keçirilir

739

Avqustun 23-də Sumqayıt Dövlət Universitetinin konfrans salonunda “Axıntı suların çöküntülərinin emalı” mövzusunda beynəlxalq seminar başlanmışdır. Almaniyanın Lyudviqshafen şəhərindən gəlmiş mütəxəssislərin də iştirak etdiyi bu seminar NATO-nun “Azərbaycanda əhalinin sağlamlığı və ətraf mühitin çirklənməsi” layihəsi çərçivəsində təşkil olunmuşdur.
Seminarın açılış mərasimində çıxış etmiş Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov və NATO layihəsinin əlaqələndiricisi Peter Lubenau əməkdaşlığın məqsədləri barədə danışmışlar. Təşkilatçıların sözlərinə görə ətraf mühitin sağlamlaşdırılmasına yönəlmiş bu layihə Sumqayıtda ekoloji baxımdan aktual olan bir sıra məsələləri həll etməyə imkan verəcəkdir.
Seminar iştirakçıları dörd gün ərzində almaniyalı mütəxəssislərin və universitetin alimlərinin məruzələrini dinləyəcəklər. Seminarın proqramında Sumqayıtda gücü sutkada 200 min kubmetrə bərabər olan yeni təmizləyici qurğuya ekskursiya, İnşaatçılar qəsəbəsindəki piroliz qurğusuna baxış və Hövsandakı aerasiya stansiyası ilə tanışlıq da nəzərdə tutulmuşdur.
Lüdviqshafendən gəlmiş mütəxəssislər Sumqayıtdakı təşkilatlarda və müvafiq şəhər strukturlarında “Cənubi Qafqazda yerli özünüidarənin inkişafı” proqramı üzrə nəzərdə tutulan tədbirləri müzakirə etmək məqsədi ilə işgüzar görüşlər də keçirəcəklər. Bu proqramda bərk məişət tullantılarının idarə edilməsi, çirklənmiş ərazilərin reabilitasiyası, ekoloji tərbiyə, yerli iqtisadiyyatın inkişafı üzrə layihələr, habelə sosial sahəni əhatə edən müxtəlif tədbirlər nəzərdə tutulmuşdur. Bundan əvvəlki “Almaniya və Qafqazın tərəfdaş şəhərlərinin əməkdaşlığı” proqramı kimi bu proqram da Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) himayəsi altında Almaniya Federal İnkişaf və Əməkdaşlıq Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Xatırladaq ki, Almaniyanın Lüdviqshafen şəhəri ilə Sumqayıt arasında tərəfdaşlıq münasibətlərinin əsası 1977-ci ildə qoyulmuşdur. Bu əməkdaşlıq uğurla davam və inkişaf edir. Ötən illər ərzində onlarca kiçikhəcmli layihələr həyata keçirilmişdir: Alman dili mərkəzi yaradılmış, şəhər xəstəxanası yanında şəkərli diabetdən əziyyət çəkən uşaqlar üçün məktəb təşkil edilmiş, gözdən əlil uşaqlar üçün Brayl metodu üzrə təhsil almağa imkan verən xüsusi vəsaitlər alınmış, bir sıra başqa tədbirlər görülmüşdür.

AzərTAc

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər