Sumqayıtda qadını qətlə yetirməkdə təqsirləndirilən Xanəhməd Rüstəmovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
“Report” xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələki məlum deyil.
Qeyd edək ki, hadisə 2021-ci ilin noyabrında Sumqayıt şəhərində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini X.Rüstəmov oğurluq məqsədilə 1945-ci il təvəllüdlü Züleyxa Osmanovanın evinə daxil olub. O, Z.Osmanovanın evdə olduğunu bildikdə daş parçası ilə onun baş nahiyəsinə xəsarətlər yetirib, daha sonra isə boğaraq öldürüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.