Sumqayıtda qadınların işgüzar inkişafı təlimləri start götürüb

850

Sumqayıt Gənclər Evində ASAN könüllüləri və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə “ASAN İnkişaf Modeli – Qadınlar üçün AIM – W” layihəsinin təlimləri start götürüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində çıxış edən agentliyin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli Sumqayıtda qadınların bu layihəyə marağını sevindirici hal kimi qiymətləndirib. Bildirib ki, qadınların işgüzar inkişafda iştirakına, eləcə də onların sahibkarlıq və karyerayönümlü fəaliyyətlərini dəstəkləmək üçün bu layihəyə xüsusi əhəmiyyət kəsb edir. Sumqayıtlı qadınlar daim işgüzarlığı ilə seçilib, bu gün də təlimlərdə baş tutan interaktiv müzakirələrdə onların fəallığı müşahidə olunub.

Sumqayıt regional “ASAN xidmət” mərkəzinin direktoru Kəmalə Rəhimova çıxışında layihənin əhəmiyyəti və bu fəaliyyətin Sumqayıt qadınlarının inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Layihəyə dəvət olunan beynəlxalq təlimçi İşıl Keskin Şahan da Sumqayıt təliminin ilk günündən danışıb: “Regionlardakı təlimlər zamanı Azərbaycanın hər bir bölgəsini yenidən kəşf edirik. Sumqayıtda təlimlər zamanı layihə iştirakçıları təlim proqramını mənimsədikcə bacarıqları və özlərinə inamları artacaq. Bu gün iştirakçı qadınların karyera və sahibkarlıqyönümlü fəaliyyətlərinə dair ilkin fikirlərini öyrəndik. Maraqlı ideyalar var, növbəti günlərdə bu ideyaları layihə formasında hazırlayacağıq”.

Layihə Sumqayıtla yanaşı, Gəncə, Quba, Mingəçevir, Şamaxı və Şəki iqtisadi zonalarını da əhatə edir.

2017-ci ildən etibarən ASAN könüllüləri və “Coca-Cola” Fondu tərəfdaşları ilə birlikdə qadınların işgüzar inkişafına töhfə vermək məqsədilə icra etdiyi layihələrə regionlarda yaşayan 1067 nəfər qadın cəlb olunub.

Qadınların işgüzar inkişaf platforması olan “AIM – W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir.

Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak edirlər.

Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq “AIM-W” 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər