Sumqayıtda Rüstəm Əşrəfovun “Azərbaycan dili tədrisinin aktual problemləri” adlı dərs vəsaitinin təqdimatı keçirildi – FOTOLAR

1641

Müəllimlik çətin, məsuliyyətli, eyni zamanda, şərəfli və müqəddəs bir peşədir. Müəllim insanı həyata hazırlayan, onun dünyagörüşünü, mənəvi dünyasını və ictimai-siyasi baxışlarını formalaşdıran müqəddəs varlıqdır. Cəmiyyətin, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir. Oktyabr ayının 5-i həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin günüdür. Ulu öndər Heydər Əliyev hər zaman müəllimə yüksək dəyər vermiş, “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə müəllimə borcluyuq” söyləmişdir. Məhz belə bir gündə Sumqayıt Poeziya Evində Sumqayıt Dövlət Universitetinin “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasının dosenti Rüstəm Qulu oğlu Əşrəfovun “Azərbaycan dili tədrisinin aktual problemləri” adlı dərs vəsaitinin təqdimatı keçirildi. Rüstəm Qulu oğlu Əşrəfov metodist-alimdir. O, müəllimlik peşəsi, ixtisası və məktəbşünaslıqla bağlı ölkə mətbuatında nəşr edilmiş 50-dən çox elmi-publisistik məqalənin, o cümlədən, xaricdə (İran, Türkiyə, Rusiya, Qazaxıstan) və ölkənin müxtəlif ali məktəblərində çap olunmuş elmi jurnallarda 150-dən çox elmi-metodiki məqalənin, 50 tezis, 30 test toplusu, 10 fənn proqramı, 2 metodik vəsait, 1 monoqrafiya və 1 dərs vəsaitinin müəllifidir. Rüstəm Əşrəfov “Azərbaycan dili tədrisinin aktual problemləri” adlı dərs vəsaitində Azərbaycan dili proqram və dərsliklərində Milli Kurikulumla bağlı mövcud proqram və dərsliklərdə işin təşkili metodikasını bir aktual problem kimi qarşıya məqsəd qoymuş, elmi cəhətdən araşdırmış və ciddi şəkildə təhlil etmişdir. Bu dərs vəsaiti Azərbaycan dilinin tədrisi keyfiyyətinə, magistr tələbələrin bilik və bacarıqlarının inkişafına göstərdiyi təsiri aşkar etmək məqsədilə və eyni zamanda Azərbaycan dili və ədəbiyyat müəllimlərinin arzu və təkliflərini nəzərə alıb, onlara kömək məqsədilə hazırlanmışdır. Təqdimatda Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin filologiya, tarix, iqtisasdiyyat fakültələrinin bakalavr və magistatura tələbələri iştirak etdilər. Tələbələr çıxışlarında kitabın elmi-metodiki əhəmiyyəti, elmi-nəzəri əsasının praktikaya tətbiqinin əhəmiyyətini qeyd etdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər