“Bəzi sahibkarlar tərəfindən hələ də istehlakçıların hüquqları pozulur və alıcılara standartlara uyğun olmayan məhsullar satılır. Ən çox pozuntu isə saxlama müddəti başa çatmış ərzaq məhsullarının satışdan çıxarılmaması ilə bağlıdır”. Bu fikirləri Sumqayıtda “İstehlakçıların hüquqlarının qorunmasında sahibkarların vəzifələri” mövzusunda keçirilən konfransda İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Zahid İsayev səsləndirib. Xidmət rəisi hesab edir ki, bəzi sahibkarların qanunvericiliyin tələblərini qsdən pozmaları neqativ halların artmasına səbəb olur.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev sahibkarların qanunvericiliyə əməl etməsi üçün nəzarətin gücləndirilməsini təklif edib. Konfrans iştirakçıları alınmış keyfiyyətsiz məhsulun geri qaytarılması zamanı yaranan problemlərin həlli üçün tədbirlərin görülməsini də zəruri sayır. Qanunvericilikdə istehlakçının xarab olmuş və istifadə müddəti başa çatmış məhsulları qaytarmaq hüququ olsa da, bundan istifadə edə bilmirlər. Konfrans iştirakçılarının firkincə, bunu təmin etmək üçün dövlət qurumları nəzarəti gücləndirməli və belə hala yol verən obyekt sahibləri ciddi cəzalandırılmalıdır. Yeri gəlmişkən, İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti yararsız malların satışdan çıxarılması və istehlakçı hüquqlarının qorunması üçün qaynar xətt yaradıb və qaynar xəttə olunan müraciətlər araşdırılır. Sahibkarlar deyir ki, maarifləndirmə işlərinin aparılması istehlakçı hüquqlarının qorunmasına səbəb olacaq. /ANS TV/