Sumqayıtda “Şəbəkə” xidmət mərkəzləri açılacaq

2263

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılan “Şəbəkə” xidmət mərkəzinin istifadəyə verilməsindən 1 il ötür.

“APA-Economics”in məlumatına görə, hazırda respublika üzrə 6 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü Bakıda, digər 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir. Yaxın günlərdə paytaxtın Yasamal rayonunda daha bir, Sumqayıt şəhərində isə ilk “Şəbəkə” xidmət mərkəzi açılacaq. “Şəbəkə” xidmət mərkəzlərinin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görülür. Növbəti mərhələdə “Şəbəkə” mərkəzlərinin respublikanın digər ərazilərində dəyaradılması istiqamətində işlər davam etdiriləcək.

Qeyd edək ki, ilk “Şəbəkə” 2017-ci il fevralın 10-da istifadəyə verilib. Yaradılan müasir xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. “Şəbəkə” mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir.

Eyni zamanda, “Şəbəkə”mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və avia biletlərin satışı, pulköçürmələri, büdcə, kommunal, İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.

Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. “EgovPay”- ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.

Qeyd edək ki, vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar günləri xidmət göstərilir. “Şəbəkə”yə məxsus 123 çağrı mərkəzi isə həftə içi 8:00-dan 20:00-dək, şənbə günü 9:00-dan 19:00-dək, bazar günü isə 9:00-dan 18:00-dək daxil olan bütün sorğuları qəbul edir. “Şəbəkə”mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, şəffaflığın təmin edilməsi və bürokratiya hallarının aradan qaldırılmasıdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər