Sumqayıtda şəhidin xatirəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib

1072

YAP Sumqayıt şəhər təşkilatında Vətən müharibəsi şəhidi Əhmədəliyev Kərimin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirib. Kitabın müəllifi şəhidimizin müəllimi Ülviyyə Əliyevadır.
Tədbirdə YAP İdarə Heyyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının Sədri Ramiz Hüseynov, aparatın işçiləri, fəallar, elm və təhsil üzrə koordinasiya qrupunun rəhbəri Cəmilə Fəyyaz, Şəhidin ailə üzvləri, Bəstəkar Arif Səlimov, Qarabağ döyüşlərinin iştirakçısı Aynurə Hidayətqızı, Gəncə Texnoloji Univerisitetindən şəhidin müəllimi Zeynəb xanım, Aktrisa Mehriban Xanlarova, Aprel Şəhidi Elnur Əliyevin həyat yoldaşı Nuranə Məmmədova, şəhidin müəllimləri, dostları, sinif yoldaşları iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş Kərim Əhmədəliyevin xatirəsini hörmət və ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.
Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri R.Hüseynov bildirib ki,
44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.

R.Hüseynov qeyd edib ki, Qarabağda Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimiz kimi Kərimin də ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Vətənimizin müdafiəsi uğrunda savaşmaq və şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.

Tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən insanlarımızın inamı və Azərbaycan ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Tarixi qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi. Artıq dünya, liderimiz və xalqımız arasında necə möhkəm və sarsılmaz inamın olduğunun şahidi oldu. Qələbə ruhumuz müzəffər Azərbaycan Ordusunun gücü, dünyaya səs salan qətiyyəti heç zaman unudulmayacaq və daim yaşayacaq!
Daha sonra Şəhidin valideynləri Rövşən Əhmədəliyev və Tamella xanım, Bakı Slavyan Universitetinin tələbəsi, Şəhid haqqında yazılmış kitabın koordinatoru Nəzrin Əliyeva, Sumqayıt şəhər 14 No-li orta məktəbin müəllimi, Kitabın müəllifi, şəhidin müəllimi Ülviyyə Əliyeva, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə, Müharibə iştirakçısı Aynurə Hidayətqızı, Şəhidin müəllimi Lamiyə xanım çıxış edərək şəhidin həyatından, keçdiyi döyüş yolundan, erməni işğalçılarına qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Şəhidin ailə üzvləri Vətən uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdə həmçinin şəhid haqqında video çarx nümayiş olunub və bəstəkar Arif Səlimov Şəhidin əziz xatirəsinə “Sonunu düşünən qəhrəman olmaz” adlı canlı musiqi ifa edib.
Qeyd edək ki, Kərim Əhmədəliyev 1998-ci il iyunun 12-də Sumqayıt şəhərində anadan olub. 2005-2016-cı illərdə Sumqayıt şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Azərbaycan Texnologiya Universitetində (ATU) “Menecment” ixtisası üzrə ali təhsil alıb.
Azərbaycan Ordusunun əsgəri olan Kərim Əhmədəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərim Əhmədəliyev oktyabrın 4-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Əhmədəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Allah rəhmət eləsin!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər