Sentyabrın 20-si Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşaya ictimai baxış keçirildi. Teatr rəhbərliyinin gənclərə dəstəyi, ayrı ayrı məktəb və üslublara məxsus rejissorlarla yaradıcılıq mübadiləsi çərçivəsində kino və teatr rejissoru və prodüser Elşən Zeynallının quruluş verdiyi “Solğun çiçəklər” tamaşası maraqla qarşılandı.
Trend-in məlumatına görə, böyük dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə hazırlanan əsər quruluşçu rejissorun kreativ yanaşmasında , müasir yozumunda yenə aktualdır. Rolları əməkdar artistlər İzaməddin Bağırov, Sədaqət Nuriyeva, Cəlal Məmmədov, aktyorlar Şəhla Məmmədova, İlahə Səfərova, İlqar İbrahimov, Elay Xasiyev, Aynur Hümmətova, Sevda Hüseynova, Mətanət Əmirullayeva, Məryəm Hüseynova və Dağlar Rüstəmov ifa edirlər. Quruluşçu rəssamlar Elşən Sərxanoğlu və Şahin Hüseynlidir, musiqi tərtibatçısı İradə Muradovadır.
İctimai baxışda Mədəniyyət Nazirliyinin məsul işçiləri Sevda Ağayeva və Könül Cəfərova, bədii şura üzvləri və şəhərin ziyalıları iştirak etdilər. Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov yeni tamaşa münasibətilə rejissoru və yaradıcı heyəti təbrik etdi, bundan sonra da istedadlı rejissorların teatra cəlb olunacağını bildirdi. Digər çıxış edənlər yeni quruluşun bədii-estetik məziyyətlərindən danışdılar, traktovkanın maraq doğurduğunu dilə gətirdilər, eyni zamanda xırda qüsurları qeyd etdilər.