Sumqayıt Tibb Mərkəzinin (STM) və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə ümumşəhər tədbiri keçirilib.
Sumqayıt Dövlət Dram Teatrında təşkil olunan tədbirdə STM-nin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri, həkimlər və səhiyyə işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən STM-nin direktoru Elnur Azadxanov bütün səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Direktor vurğulayıb ki, həkimlər və digər səhiyyə əməkdaşları insanların sağlamlığının qorunması, həyatlarının xilas edilməsi və onlara keyfiyyətli tibbi xidmət göstərilməsi naminə böyük fədakarlıqla çalışırlar.
E. Azadxanov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasəti nəticəsində ölkəmizdə səhiyyə sahəsində mühüm islahatlar həyata keçirilir. O bildirib ki, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir tibbi avadanlıqlarla təchiz olunması, kadr potensialının inkişaf etdirilməsi və icbari tibbi sığorta sisteminin tətbiqi səhiyyə sahəsində əldə olunan mühüm nailiyyətlərdəndir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova çıxış edərək səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onların cəmiyyət qarşısındakı xidmətlərini yüksək qiymətləndirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə səhiyyə sahəsində həyata keçirilən ardıcıl islahatlar nəticəsində vətəndaşların keyfiyyətli tibbi xidmətlərə çıxışı genişlənib, yeni tibb müəssisələri istifadəyə verilib və səhiyyə infrastrukturu müasirləşdirilib.
Çıxışlardan sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə təltif olunan bir qrup səhiyyə işçisinə, həmçinin Sumqayıt Tibb Mərkəzinin rəhbərliyi tərəfindən mükafatlandırılan əməkdaşlara fəxri fərmanlar təqdim olunub.
Tədbir incəsənət ustalarının iştirakı ilə təqdim olunan rəngarəng konsert proqramı ilə başa çatıb.







Müzakirə qapadılmışdır.