Sumqayıtda Türkiyə vətəndaşına qarşı dələduzluq edən "makler"in cəzası azaldılıb

1090

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur Mikayılovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Mikayılovun müdafiəçisinin apellyasiya şikayəti qismən təmin edilib, zərərçəkmiş şəxslərin apellyasiya şikayətləri isə təmin olunmayıb. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdiirlib.

Belə ki, onun ittiham edildiyi Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2-ci (təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrinə tövsif olunub. Məhkəmə E.Mikayılovun 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasını 6 ilədək azaldıb.

İttiham aktına əsasən, E.Mikayılov Türkiyə Respublikasının vətəndaşı Mustafa Tabakoğlu ilə Sumqayıt şəhəri Ceyranbatan bağlar massivində yerləşən Ramiz Quliyevin yaşadığı evin həyətyanı sahəsində olan 4 sot torpaq sahəsinin 10 min ABŞ dollarına alqı-satqısı barədə razılığa gəlib. O, daha sonra həmin şəxsi aldadaraq, ümumilikdə, 12 349 manat pulunu, eyni əməllə Rövşən Kərimovun 2 670 manat pulunu, Məlahət İbadovanın 20 000 manat pulunu, Razi Salmanovun 24 000 manat pulunu, Lətifə Muradovanın isə 13 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Mikayılov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi və zərərçəkmişlər apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində müvəkkilinin əməllərinin CM-nin 178.2.4-cü maddəsinə tövsif edilib, həmin maddənin sanksiyası daxilində minimum həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər