Sumqayıt şəhər Prokurorluğunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır” mövzusunda konfrans keçirilib. İştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.Məlumat verilib ki, Mərkəzdə Ulu Öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar nümayiş etdirilir. Sumqayıt dövlət dram teatrında davam etdirlən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, prokurorluq əməkdşalaşırının iştirak etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən Sumqayıt şəhər Prokuroru Mürvət Həsənov gələn qonaqları salamlayıb. Mürvət Həsənov xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, ölkə müstəqilliyi, ərazi bütövlüyü və dövlətçiliyə qarşı yönələn qəsdlərin qarşısının alınmasında rolu barədə çıxış edib. Bildirilib ki, Ulu Öndərin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, məhkəmə-hüquq islahatları, milli prokurorluq orqanlarının təşəkkülündəki xidmətləri böyükdür. Abşeron rayon prokuroru Qabil Qasımov keçirilən bu tədbirin əhəmiyyətindən danışıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, Heydər Əliyev fenomeni xalqımızın milli sərvətidir. Çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Heydər Əliyev siyasəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Konfransda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın yaxından iştirakı ilə həyata keçirlən uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimizin daha da qüdrətlənməsi, ərazi bütövlüyünün bərpa olunması, xalqın sosial rifah halının yaxşılaşması xüsusi qeyd olunmaqla, tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin siyasi irsi və ideyalarını daim yaşadacağı, nəsillərdən nəsillərə ötürəcəyi vurğulanıb.Tədbirin sonunda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən filmə baxılıb.
Müzakirə qapadılmışdır.