Sumqayıtda 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib. “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında keçirilən tədbirdə Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının şəxsi heyəti və texnikası ilə yanaşı, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin Fövqaladə Mobil Könüllü Dəstənin üzvləri, Sumqayıt Tibb Mərkəzinin Mülki Müdafiə bölməsinin mütəxəssisləri, Təcili Tibbi Yardım Xəstəxanasının, eləcə də Təcili Təxirəsalınmaz Yardım Stansiyasının həkimləri, texnika və tibbi avadanlıqlarla iştirak ediblər.
Tədbirdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə, müəsssisə, təşkilat rəhbərləri və aidiyyatı qurumların əməkdaşları iştirak edib. Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kütləvi humanitar tədbir kimi qeyd olunur. 1993-cü ildən nüfuzlu beynəlxalq təşkilata üzv seçilən Azərbaycan Respublikası bu mötəbər qurumla sıx əməkdaşlıq edir.
Şəhər rəhbəri qeyd edib ki, Sumqayıt şəhərində Mülki Müdafiə işinin təşkili, planlaşdırılması və yerinə yetirilməsi işləri Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi illik Mülki Müdafiə tədbirləri planına əsasən həyata keçirilir. Hər il ənənəvi olaraq ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış məşqləri keçirilir. Şəxsi heyətin bilik və bacarıqları, fövqəladə hadisələr zamanı ilkin tibbi yardım göstərilməsi və davranış qaydaları yoxlanılır. Şəhər ərazisində fəaliyyət göstərən və mülkiyyət formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlarda illik mülki müdafiə tədbirlərinin planı hazırlanır və təsdiq olunur.
Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzin rəisi Vaqif Fətullayev çıxış edərək, Azərbaycanda mülki müdafiə xidmətinin yaradılması tarixi və inkişafı, bu sahədə əldə edilmiş nailiyyətlər haqqında danışıb.
Vurğulanıb ki, bu cür təlimin keçirilməsinin əsas məqsədi şəhər ərazisində olan qüvvələrin hazırlıq səviyyəsini, Mülki Müdafiə dəstələrinin fövqəladə hadisələrə qarşı nə dərəcədə hazır olduqlarını nümayiş etdirməkdir.
Müzakirə qapadılmışdır.