Sumqayıtda “Ümumi tarix” kitabının təqdimatı olub

800

Aprelin 12-də Sumqayıtdakı 21 nömrəli orta məktəbdə Milli Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri Azərbaycan Tarix Cəmiyyətinin sədri, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə ilə görüş keçirilmişdir. Görkəmli alim məktəblilərə və pedaqoji kollektivə özünün ilk monumental elmi-tədqiqat əsəri olan “Ümumi tarix” kitabını təqdim etmişdir. “Nurlan” Elm-Poliqrafiya Mərkəzinin buraxdığı kitabın elmi məsləhətçisi AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Təqdimat mərasimində tarix elmləri doktorları, professorlar – AMEA-nın şöbə müdiri Şahin Fazil, Azərbaycan Dövlət Tibb Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri Fəxrəddin Məmmədov, Sumqayıt Universitetinin prorektoru Adil Baxşəliyev, Milli Məclisin deputatı Fəzail Ağamalı, habelə kitabın müəllifinin aspirantı, Sumqayıt Universitetinin böyük müəllimi Elmar Xəlilov, “Təfəkkür” liseyinin müəllimi Razi Quliyev, məktəbin direktoru Zakir Əliyev və başqaları çıxış etmişlər. Alimlər, o cümlədən müəllifin institut yoldaşları kitabın elmi dəyərindən danışmaqla yanaşı, respublikanın aparıcı tarixçi alimi olan T.Mustafazadənin yüksək insani keyfiyyətlərini, onun geniş yaradıcılıq diapazonunu, tədqiqatçı kimi böyük zəhmətini xüsusi vurğulamışlar. Onun birinci kitabında ta qədim zamanlardan XVIII əsrin axırınadək tarixi inkişaf prosesləri əksini tapmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Natiqlər alimin kitabı gözəl və başa düşülən dildə yazdığını, burada fotoşəkillərin, 50-dək xəritənin yer aldığını qeyd etmişlər. Birinci kitab üç hissədən ibarətdir. Onların hər biri müəyyən zaman kəsiyinə həsr edilmişdir: qədim dövrlərdən tutmuş eramızdan əvvəl V əsrədək, orta əsrlərdən VII əsrə qədər və 1640-cı ildən tutmuş 1918-ci ilədək müxtəlif dövrləri əhatə edir.
Bu sanballı tədqiqat əsərinin əsas məziyyətlərindən biri budur ki, kitabda Azərbaycan tarixi dünya tarixinin prizmasından təqdim olunmuş, ölkəmizin ərazisində baş verən bütün hadisələr dünya tarixi kontekstində tədqiq edilmiş və ilk dəfə demək olar, bütün tarixi spektr ana dilində təqdim olunmuşdur. T.Mustafazadə demişdir ki, Azərbaycanın ən yeni tarixinin əks olunduğu ikinci hissə artıq nəşrə hazırdır. T.Mustafazadənin kitabının epiqrafında bu sözlər yazılmışdır: “Keçmişi unutma. O, gələcəyin müəllimidir”.Müəllifin fikrincə, onun elmi əsəri tarixi proseslərin mahiyyətini dərk etməkdə müəllimlərə, tələbələrə və sadəcə, tariximizə maraq göstərənlərə kömək edəcəkdir.

Xatırladaq ki, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə “Qarabağ xanlığı”, “Qarabağ xanlığı haqqında” kitablarının, Azərbaycan tarixinə həsr olunmuş onlarca kitabçanın, monoqrafiyanın müəllifidir.

AzərTAc

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Soltanov Şənlik
    Aprel 21, 2010 - 21:48

    İlk olaraq Tofiq müəllimi bu kitabın işıq üzü görməsi münasibətilə təbrik edirəm. Sözün düzü bu kitabı çoxdan gözləyirdim. Tofiq müəllimin yazılarını hələ məktəbli vaxtımdan oxuyuram. Onun yazıları mənim Azərbaycan tarixinə olan marağımı 2 qat artırmışdır. Düzdü özüm hal-hazırda nəşriyyat üzrə təhsil alıram, ancaq çalışıram mümkün olduğu qədər tarix biliyimi artırım. Bunun üçün hamıya Tofiq müəllimin yazılarını oxumağı məsləhət bilirəm. Hələki Tofiq müəllimin bu kitabı ilə yaxından tanış olmamışam, ancaq çalışacam yaxın zamanda bu kitabı əldə edim. Sizin xəbərdə göstərdiyiniz kitabın hissələri elə dövrləri əhatə edir ki, bu dövrləri görüb də oxumamaq olmaz. Sonda isə Tofiq müəllimə gələcək fəaliyyətində uğurlar arzulayıram. Sizə də xəbərə görə öz təşəkkürümü bildirirəm.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər