Sumqayıtda “Uşaq Hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

600

Sumqayıt şəhər icra Hakimiyyətinin təşkilatçılığı ilə “Uşaq Hüquqları aylığı” çərçivəsində tədbir keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədi ilə yaradılan monitorinq qrupunun sədri Ülviyyə Müzəffərova uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Uaşqlara diqqət və qayğının göstərilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə Nail olmağın “Uşaq Hüquqları Aylığı”nın əsas məqsədidir.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz cəmiyyətin gələcəyi olan uşaq hüquqlarının müdafiəsinə, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və onların həyata keçirilməsi üçün tədbirlər planı müəyyənləşdirilib.

Uşaqların istismar olunması, erkən nigah, narkomaniya, zərərli vərdişlər, dini radikalizm kimi problemlərin cəmiyyətimizdə uşaq hüquq və azadlıqlarına qarşı yönəlmiş təhlükələri və bu təhlükələrə qarşı mübarizə yolları haqqında ətraflı məlumat verilib.

Tədbirdə həmçinin gəncliyimizin mənəvi dəyərlərinin formalaşdırılmasında təhsilin vacibliyindən, dövlətimizin uşaqlar üçün göstərdiyi qayğı və diqqətdən danışılıb. Ölkəmizin müstəqillik əldə etdikdən sonra qoşulduğu beynəlxalq sənədlərdən və qəbul edilən qanunlardan bəhs edilib. “Uşaq Hüquqları Aylığı” çərçivəsində keçirilən bu cür mötəbər tədbirlər ölkədə uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verir. Tədbirin sonunda Uşaq Hüquqları aylığı çərçivəsində təşkil olunan rəsm müsabiqələrinin qaliblərinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər