Sumqayıtda xeyriyyə məqsədi ilə auksion satış keçirilib

858

Xeyriyyə tədbirində «Azərikimya» İB-nin kollektivi uşaqlara diqqət və qayğıdan irəli gələn xüsusi fəallıqla iştirak etmişdir

Auksionun ən aktiv iştirakçısı Sumqayıt Texnologiyalar Parkı olub

Ötən şənbə günü «Kimyaçı» Mədəniyyət sarayında Sumqayıt şəhər Sağlamlıq imkan­ları məhdud olan uşaqlar üçün xüsusi tipli İnternat məktə­bin yetirmələrinin tətbiqi sənət işlərinin auksion satışı keçirilmişdir. Sumqayıtda ilk dəfə olaraq «Qırmızı Aypara» Cəmiyyəti Sumqayıt şöbəsinin və İnter­nat məktəbin birgə layihəsi əsasında keçirilən və sağlamlıq imkanları məhdud olan uşaq­ların yaradıcılıq nümunələrinin  auksiona çıxarıldığı mərasimdə Sumqayıtın və respublika­mızın bir çox dövlət orqanlarının, müxtəlif təşkilatların, elm, təhsil, səhiyyə, mədəniyyət, həmçinin biznes nümayəndələri və müəssisə rəhbərləri iştirak etmişlər.

«Sevin bizi necə varıq, qayğınıza görə minnətdarıq!» devizi altında keçirilən tədbir xeyriyyə məqsədi ilə yanaşı, həm də internat məktəbə və onun yetirmələrinə mənəvi dəs­tək, uşaqları xalqımızın hələ qədimlərdən maraq göstərdiyi, gözəl nümunələr yarat­dığı tətbiqi sənət yaradıcılığını davam etdirməyə həvəsləndirmək niyyəti daşıyırdı.

Auksiona gələnlər ilk əvvəl «Kimyaçı» Mədəniyyət sarayının foyesində məktəbin ye­tir­mələrinin əl işlərindən ibarət sərgi ilə tanış olmuş, uşaqların elə buradaca yeni tət­biqi sənət nümunələri – xalçatoxuma, tikmə, nəqqaşlıq və s. işlər üzərində əyani yaradı­cı­lıq işlərinə tamaşa etmişlər.

Tədbir iştirakçılarından biri – «EkoSfera» Cəmiyyətinin sədri Firuzə xanım Sultanzadə Mədəniyyət sarayının kiçik zalında keçiriləcək auksionun başlamasını gözləmədən ilkin olaraq uşaqların əl işlərindən birini – əlvan naxışlı iki kiçik qobeleni alaraq xeyriyyə təd­bi­rinə öz töhfəsini verdi. Mədəniyyət sarayının musiqi kollektivinin ifasında Azərbaycan musiqi korifeyləri Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Soltan Hacıbəyovun dahiyanə əsərlərinin xoş sədaları altında yeniyetmələrin əl işləri ilə yaxından tanış olan iştirakçılar uşaqların yaradıcılıq istedadına, onların təxəyyülünə, fantaziyasına heyranlıqlarını gizlədə bilməmişlər.

Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli İnternat məktə­bin direktoru, Azərbaycanın Əməkdar müəllimi Ayət xanım Kərimova məktəbin fəaliyyəti, onun yetirmələrinin tətbiqi sənət sahəsində uğurlar, respublikamızda və xarici ölkələrdə keçirilən müxtəlif sərgilərdə yetirmələrinin əldə etdiyi nailiyyətlər, hətta sənət­şünaslar tərəfindən həmin əsərlərə yüksək qiymət verildiyi barədə geniş söhbət aç­mışdır.

Sonra tədbir iştirakçıları – Azərbaycan Milli Məclisinin deputatları Novruz Aslanovun, Muxtar Babayevin, Musa Qasımlının, Sumqayıt şəhər İcra Hakimiyyətinin, «Azərikimya» İstehsalat Birliyinin,  şəhərin elm, təhsil, mədəniyyət, səhiyyə nümayəndələrinin, müəs­si­sə rəhbərlərinin, həmçinin Bakıdan gəlmiş qonaqların – respublika Nazirlər Kabine­tinin, Mədəniyyət Nazirliyinin, ARDNŞ-in Ekologiya İdarəsinin, Ailə, qadın və uşaq prob­lemləri üzrə Dövlət komitəsinin, digər idarə və təşkilatların nümayəndələrinin, eləcə də internat məktəbin yetirmələrinin və valideynlərin iştirakı ilə  Mədəniyyət sarayının kiçik zalında təşkil olunmuş auksion öz fəaliyyətinə başlamışdır.

Auksiona çıxarılan əl işləri içərisində Vətənimizi, onun mərd müdafiəçilərini, respub­likamızın əsrarəngiz və bənzərsiz guşələrini, məktəb həyatını, dünyanın gözəl­liyini əks etdi­rən rəsm əsərləri ilə yanaşı bir-birindən maraqlı və orijinal tərzdə işlənmiş çoxlu sayda digər tətbiqi sənət nümunələri nümayiş etdirilirdiyindən, auksion ilk dəqiqələrdən başlayaraq potensial alıcılar arasında gərgin rəqabət şəraitində keçmiş və  dörd saatdan artıq davam etmişdir.

Təşkilat komitəsinin məlumatına görə, auksionun ən aktiv iştirakçısı isə Sumqayıt Texnologiyalar Parkı olub.

STP-nin auksionda iştirak edən Xarici iqtisadi əlaqələr, müqavilələr və hüquq şöbəsinin rəisi Sahil Allahverdiyev deyir:

– Bu cür xoşməramlı tədbirlərin keçirilməsini alqışlayırıq. Ümid edirik ki, bu, şəhərimizdə sonuncu bu cür təşəbbüs deyil, belə tədbirlər davamlı xarakter daşıyacaq. Sumqayıt Texnologiyalar Parkı olaraq isə bu cür xeyriyyə məqsədli tədbirlərdə iştirakı öz borcumuz hesab edirik. Əgər yaradıcılıq qabiliyyəti olan balaca dostlarımızın azacıq da olsa sevincinə səbəb olduqsa, bizim üçün bundan böyük sevinc yoxdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər