Dekabrın 14-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qaydaları ilə bağlı seminarlar keçirilib.
Seminarlarda Sumqayıt şəhərinin, Abşeron, Qubadlı, Şuşa və Zəngilan rayonlarının təhsil şöbələrinin nümayəndələri, ümumtəhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanının nəticələrinin regional təhlili ilə bağlı təqdimatla çıxış edib və bu sahədə aparılan işlər haqqında ətraflı məlumat verib.
Seminar iştirakçılarını maraqlandıran suallar Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri tərəfindən cavablandırılıb.
Daha sonra müzakirələr Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə davam etdirilib.
DİM-in şöbə müdiri Afiqə Batıyeva buraxılış imtahanlarının modelləri haqqında, Bakı Dövlət Universitetinin nəzdində Türk liseyinin müəllimi Saməddin İbrahimov isə Azərbaycan dili fənni üzrə 9 illik təhsil bazasında buraxılış imtahanı proqramı barədə məlumat verib, imtahan nəticələrinin statistik göstəriciləri əsasında test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarını təqdim edib.
Riyaziyyat fənni üzrə seminarda DİM-in sektor müdiri Aydın Qasımov 9 illik təhsil bazasında buraxılış imtahanı proqramı haqqında danışıb. Bakı Dövlət Universiteti nəzdində “Gənc istedadlar” liseyinin müəllimi Aqşin Abdullayev isə fənn üzrə imtahan nəticələrinin statistik göstəriciləri əsasında test tapşırığı nümunələri və qiymətləndirmə meyarları barədə məlumat verib.
İngilis dili fənni üzrə seminarda Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi, DİM-in ingilis dili fənni üzrə elmi-metodiki seminarının rəhbəri Şəhla Musayeva buraxılış imtahanlarında istifadəsi nəzərdə tutulan tapşırıq modelləri haqqında çıxış edib.
Təqdimatlar ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar DİM-in əməkdaşları və fənlər üzrə ekspertlər tərəfindən cavablandırılıb.
Qeyd edək ki, seminarın plenar iclası DİM-in saytında (YouTube kanalı vasitəsilə) canlı yayımlanıb.