Sumqayıtın müasir sənaye şəhərinə çevrilməsi istiqamətində işlər uğurla davam etdirilir

755

Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Sumqayıt şəhəri üzrə müəyyən olunmuş tədbirlər uğurla icra olunmaqdadır.
AzəTAc xəbər verir ki, cari ilin əvvəlindən Sumqayıtda şəhərin mövcud sənaye potensialından səmərəli istifadə edilməsi və gücləndirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində əhəmiyyətli işlər həyata keçirilmişdir.
Bu gün, ümumilikdə, 20-dən çox iri, müasir istehsal sahəsini özündə cəmləşdirmiş Sumqayıt Texnolgiyalar Parkında (STP) kabel, plastik boru, qaynar sinkləmə, dəqiq emal mərkəzləri, metal konstruksiyaları, elektron cihazları, yüksək gərginlikli elektrik avadanlıqlarının istehsalı, günəş kollektorları və qazanların istehsalı, texniki qazlar istehsalı, maşınqayırma, metaləritmə, şüşə məhsulları paketləmə, səki daşları istehsalı zavodlari, həmcinin mis və alüminium elektrotexniki çubuqların istehsalı və ventilyasiya boruları istehsalı sexləri fəaliyyət göstərir.
Hazırda STP- də 500 kv-luq kabel zavodunun üçüncü mərhələsinin, polilarbonat lövhələr istehsalı, kanalizasiya boruları istehsalı, polilarbonat dolğulu sendviç panelləri istehsalı, transformatorlar istehsalı, metaləritmə və şüşə emalı zavodlarının inşası davam etdirilməkdədir.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə artıq Sumqayıtda Kimya Sənaye Parkı yaradılmaqdadır. Bu, çoxsaylı iş yerlərinin yaradılmasına imkan verəcək və ixtisaslı mütəxəssislərə tələbatı artacaqdır.
Hazırda Sumqayıt Kimya Sənaye Parkı üçün ayrılmış ərazidə “Hidromakina” MMC tərəfindən plastik və polad borular istehsalı müəssisəsinin inşası davam etdirilməkdədir. Ötən ilin sonunda təməli qoyulmuş azot gübrəsi – karbamid zavodunun inşası ilə əlaqədar zəruri işlərin görülməsi davam etdirilmişdir. Tikinti işlərinin aparılması üçün ayrılmış ərazi təmizlənmiş, burada mövcud olan yararsız köhnə obyektlər sökülmüşdür.
İri metallurgiya müəssisələrindən olan “Azərboru” ASC-də boru istehsalının fəaliyyət sahəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Müəssisədə işləyənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə artmışdır
“Azərsun Holdinq” şirkətlər qrupu tərəfindən Sumqayıt sənaye zonasında kağız – karton istehsalı kombinatının və yağ istehsalı fabrikinin, “Qobustan Holdinq” MMC tərəfindən illik istehsal gücü 6,5 milyon metr parça olan müasir avadanlıqla təchiz olunacaq yeni müəssisənin inşası başa çatdırılmışdır.
Hazırda “Delta Qrup” MMC tərəfindən tutumu 4000 ton, ümumi sahəsi 8900 kvadratmetr olan soyuducu anbar kompleksinin inşası yekunlaşmaq ərəfəsindədir. Eyni zamanda, həmin ərazidə sutkalıq istehsal gücü 120 ton olacaq görək zavodunun inşası davam etdirilməkdədir.
Şəhərin iri yüngül sənaye müəssisələrindən olan “Intertekstil” ASC-də pambıq iplik istehsalı və trikotaj məhsullar istehsalı davam etdirilir. Hazırda müəssisədə işləyənlərin sayı 400 nəfərdən çoxdur və bunların əksəriyyətini qadınlar təşkil edir.
Həyata keçirilmiş tədbirlər nəticəsində çari ilin əvvəlindən Sumqayıtda hamısı daimi olmaqla 2300-ə yaxın yeni iş yerləri yaradılmışdır
Ümümilikdə, şəhər üzrə ümumi məhsul buraxılışının həcmi 475,1 milyon manata, sənaye müəssisələrində məhsul istehsalı 292,9 milyon manata çatdırılmışdır. Orta aylıq əmək haqqı 14,3 faiz artaraq 400 manat təşkil etmişdir.
Bütün bunlar Sumqayıtın müasir sənaye şəhərinə çevrilməsi istiqamətində atılan inamlı addımlardan və bu sahədə intensiv şəkildə aparılan işlərdən xəbər verir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər