Sumqayıtın nümayəndə heyəti Belostokda “Şəhər günü”nə həsr olunmuş tədbirdə iştirak edib

635

Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndə heyəti dostluq əlaqələri olan Polşanın Belostok şəhərində səfərdə olub və “Şəhər günü”nə həsr olunmuş bayram tədbirlərində iştirak edib.

Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov tədbirdə çıxış edərək şəhər İcra Hakimiyyətnin başçısı Zakir Fərəcovun adından Belostok şəhər sakinlərini “Şəhər günü” münasibəti ilə təbrik edib. Şəhərin meri Tadeuş Truskolyaskiyə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun adından hədiyyələr təqdim olunub.

Belostok şəhərinin meri Tadeuş Truskolyaskiy ilə keçirilən görüşdə Sumqayıt şəhər nümayəndələri Azərbaycanın sosial-iqtisadi inkişafı, Sumqayıt şəhərində son illər həyata keçirilən layihələr haqqında  geniş məlumat veriblər. Hər iki şəhərin qarşılıqlı əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Vurğulanıb ki, son illər Azərbaycan-Polşa iqtisadi və ticarət əlaqələri sahəsində mühüm irəliləyişlər əldə edilmişdir. Azərbaycan-Polşa münasibətləri hər iki ölkənin rəhbərliyi tərəfindən strateji tərəfdaşlıq kimi qiymətləndirilir. İki şəhərin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri dostluq əlaqələrimizi möhkəmləndirmişdir.

Qeyd edək ki, Sumqayıt dünyanın 20-ə yaxın şəhəri ilə qardaşlıq və tərəfdaşlıq əlaqələri qurub. Onların sırasında 2013-cü ilin avqust ayında dostluq və əməkdaşlıq haqqında imzalanan Niyyət Protokoluna əsasən Polşanın Belostok şəhəri də var.

Belostok Polşanın şimal-şərqində yerləşən böyük şəhərdir və 300 min əhalisi olan Podlyaska voyevodalığının inzibati mərkəzidir. Şəhər toxuculuq sənayesi ilə məşhurdur. Burada qida, ağac emalı, keramika sənayesi və maşınqayırma da inkişaf edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər