Sumqayıtlı çağırışçı gənclər hərbi xidmətə yola salınıblar VİDEO

2117

Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, aprelin 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Sumqayıtda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlayıb.

AZƏRTAC xəbər verir ki, aprelin 16-da Sumqayıtdakı Heydər Əliyev Mərkəzinin önündə şəhər gənclərinin müddətli həqiqi hərbi xidmətə təntənəli yola salınması mərasimi olub. Sumqayıt Şəhər İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə şəhər və hüquq mühafizə orqanlarının rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar, ağsaqqallar, şəhid ailələri, Qarabağ qaziləri və valideynlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Çağırışçılar Heydər Əliyev Mərkəzində olub, Ulu Öndərin həyat yolu, siyasi və dövlətçilik irsini əhatə edən foto və videomateriallarla zəngin guşələr və sərgilərə baxıblar.

Yolasalma mərasimi Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsinin rəisi, polkovnik Natiq Qarayev hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb. O, Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edərək, ordu quruculuğu prosesində qazanılmış uğurlardan danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğunu, Silahlı Qüvvələrin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqətdə saxlayıb.

Natiq Qarayev Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində ordumuzun müasir silah-sursatlarla təminatının gücləndirildiyini, Silahlı Qüvvələrimizin modernləşdirildiyini və bu gün regionun ən güclü ordusuna çevrildiyini vurğulayıb.

Çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, verilən əmr və tapşırıqların vaxtında yerinə yetirilməsinin vacibliyini bildirən N.Qarayev bu gün hərbi xidmətə yola salınan gənclərin ordumuzun qorxmaz, cəsur və layiqli əsgərləri olacaqlarına inamını ifadə edib.

Hərbi xidmətə yola düşən gənclərə qalib əsgər kimi doğmalarının yanına qayıtmağı arzulayan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısını müavini Teymur Səmədov sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğunun müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan özünün potensial hərbi üstünlüyünü real nəticəyə çevirmək mərhələsinə qədəm qoyub. Torpağımıza xor baxanlara hər an layiqli cavab verməyə qadir qüdrətli ordumuzun, onun yüksək əhval-ruhiyyəli əsgərlərinin, güclü maddi-texniki bazasının olması düşmənə gözdağıdır. Orduda xidmət Vətənə xidmət deməkdir. Xalq-ordu birliyi imkan verir ki, biz müstəqilliyimizi daha inamla qoruyaq.

Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri, “Şöhrət” ordenli Müzəffər Gülümov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Tərlan Hacızadə, Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Ceyhun Hüseynov, şəhid anası Ceyran Axundova, valideynlər çağırışçı gənclərə xoş arzularını çatdırıblar.

Çağırışçılar Vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirib, bu vəzifəni şərəflə yerinə yetirəcəklərinə söz veriblər.

Sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər