SUMQAYITLI “İXTİRAÇI” TÜRKİYƏDƏ ONLARLA İNSANI ALDADIB

690

Bir müddət əvvəl ölkə telekanallarında yanacaqsız işləyən generator ixtira etdiyi bildirilən gənc Türkiyədə onlarla insanı aldadıb. Bu barədə redaksiyamıza aldadılan insanların yaxınları məlumat veriblər. Onların sözlərinə görə, Sumqayıt sakini Anar Məmiyevin yanacaqsız, susuz və qazsız bir generator ixtira etməsi barədə xəbər Türkiyədə maraqla qarşılanıb və generatoru almaq istəyənlər sonunda tələyə düşüb.

Qeyd edək ki, yayılan xəbərlərdə Sumqayıt sakini Anar Məmiyevin ixtiraya iki il əvvəl başladığı bildirilirdi. Sitat: “Həmçinin o, artıq işləri başa çatdırıb. Öz-özünü tənzimləyən generator yanacaqsız, qazsız, küləksiz işləyir. Onun sözlərinə görə, ixtirası bir çox dünya ölkələrini heyran qoya bilər. Amma bir şərtlə, ixtira etdiyi generator öz adına patentləşdirilsə. Generatorun sirlərini açıqlamayan şəxs ixtirasının oğurlana biləcəyindən ehtiyatlanır. Buna görə də hətta generatorun üstünü də örtür və bəzi şeyləri operatora da göstərmir. O, bununla kifayətlənmək istəmir. O hətta bu texnologiya ilə iri elektrik stansiyası tikməyin də mümkün olduğunu iddia edir. Hazırda isə generatordan özü evdə elektrik ehtiyacını qarşılamaq üçün istifadə edir”.

 Xəbərlərdə ixtiraçının yeni icadını bazara çıxarmağı düşündüyü də vurğulanırdı.
 Aldadılan şəxslərin yaxınları isə deyirlər ki, Azərbaycanda bir nəfərin xərcsiz, heç bir şey istehlak etmədən elektrik generatoru hazırlaması marağa səbəb olub və avadanlığa müştərilər çıxıb: “Bir çox adamlar axtarıb onu. Hətta Kanadadan proyekti 3 milyon dollara almaq istəyən olub. Ancaq Anar ona satmayıb. Onun heç şəxsiyyət vəsiqəsi də olmayıb. Bir nəfər isə ona pul, maşın verib. Həmin adam Azərbaycandan olub və avadanlığı özü almaq istəyib. Sonra bundan nədənsə vaz keçib və deyib ki, get sat, mənim borcumu da qaytararsan. Anar da sonradan gəlib Türkiyəyə. Kayseridə avadanlığa bir nəfər müştəri çıxıb. Həmin adam xərc çəkib, avadanlığı patentləşdirib, sonunda isə məlum olub ki, avadanlıq çalışmır. Onun layihəsi yalanmış. Onun kəşfinin heç bir elmi əsası yox imiş. Müştəri ona verdiyi pulları geri almaq istədikdə isə Anar aradan çıxıb. O, qısa müddətdə vətəndaşları aldadaraq 150 min dollar pulunu alıb”.
 Şikayətçilər bildirirlər ki, sonradan Anarın kimliyi də məlum olub: “Onun əsl adı Emil Mamiyevdir. O, şəxsiyyət vəsiqəsi almayıb ki, əsgər getməsin. Sonradan fırıldaqçı layihəsi üçün pasport alıb. O, yalançı və saxtakardır. Hələ də Türkiyədə, dəqiq desək, Kayseri və Samsunda insanları aldatmaqda davam edir. Necə olur ki, Azərbaycan telekanalları bunu araşdırmamış xəbəri efirə çıxarır?”
 Çox çalışsaq da “ixtiraçı”nın özü ilə əlaqə yarada, korrdinatlarını tapa bilmədik. Onu dinləməyə hazırıq.

R.RƏFİYEVA, yeni musavat

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər