Sumqayıtlı məmurların qohumluq və biznes əlaqələri

1572

Ölkədə və şəhərimizdə məmurların qohumluq əlaqələri hansı sahələrdə biznes  əlaqələri şəklində də davam edir

Baxmayaraq ki, “yaxın qonşu uzaq qohumdan yaxşıdır” deyirlər, hər halda, qohum da qohumdur – ətini yesə də sümüyünü atmaz. Görünür, məmurlarımızın bir-biri ilə qohumluq əlaqələrinə üstünlük verməsi də bu strateji yanaşmanın təzahürüdür.

Ən yüksək postları tutan bir çox məmurların bir-biri ilə qohumluq əlaqələrinə malik olması həm də onların vəzifələrinin, həyata keçirdikləri işin əlaqələndirilməsinə də az təsir etmir. Faktdır ki, qohum olan məmurlar həm də bir çox biznes layihələrin partnyor tərəfləri kimi çıxış edirlər.

Başlayaq, nəqliyyat naziri Ziya Məmmədovdan. Bir-birindən böyük maliyyə tutumlu layihələrin icrasını həyata keçirən bu nazirliyin birinci şəxsi keçmiş baş hərbi komisar, daha sonra Salyan rayonunun icra başçısı olmuş və hazırda millət vəkili olan Əlağa Hüseynovla qudadır. Eyni zamanda onlardan birinin qardaşının digərinin bacısı ilə evli olduğu bildirilir. Millət vəkili Elton Məmmədov isə nəqliyyat nazirinin doğmaca qardaşıdır. “ZQAN” Holdingin prezidenti Anar Məmmədov isə nazirin oğludur.

Başqa bir nazir – Misir Mərdanovla tanınmış hakim Mənsur İbayevin də quda olduğu dəqiqdir.

Daha iki tanınmış məmur qudalar – Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla rabitə və informasiya naziri Əli Abbasovdur.

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov isə eks-spiker, hazırkı millət vəkili Murtuz Ələsgərovun oğludur.

Daxili İşlər naziri Ramil Usubovla Xətai rayonunun prokuroru Yusif İldırımzadəni də qudalıq bağlayır. Keçmiş səhiyyə naziri Əli İnsanovla ölkəmizin Tacikistandakı səfiri Məhərrəm Əliyevin də qohumluq əlaqəsi bu formadadır. Eləcə də Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovla Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da Azərbaycan Həmkarlar Konfedrasiyanın sədri, MM-in deputatı Səttar Mehbalıyevlə qudadır.

Məmurların qohumluq əlaqələri öz məntiqi davamını işgüzar, eləcə də biznes sektorlarında da tapır. Ən müxtəlif sahələrdə sahələrdə bu cür əlaqlərə rast gəlmək mümükündür. Xüsusilə beynəlxalq ticarət, tikinti, kənd təsərrüfatının ayrı-ayrı qolları və sairdə bu cür partnyorluqlar mövcuddur.

Bəs sumqayıtlı qohum məmurlar kimlərdir?

Şəhərimizdə də bir-birinə qohumluq telləri ilə bağlı olan məmurlar az deyil. Bu cür əlaqələr həm şəhər daxilində, həm də hakimiyyətin daha yüksək kluarlarında qərarlaşmış məmurlarla mövcuddur. Beləliklə, adlara və qohumluq əlaqələrinə diqqət yetirək:

Şəhər icra hakimiyyəti başçısının təhsil və səhiyyə işləri üzrə müavini Ramiz Həsənov Baş nazirin müavini və “Qaçqınkom”un sədri Əli Həsənovun qardaşıdır. Şəhər Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənov da həmçinin.

Şəhər icra başçısının başqa bir müavini Akif Quliyev isə Dövlət Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyevin qardaşıdır.

Sumqayıt şəhər “Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinin sədri Müşfiq Əsədovun isə spiker Oqtay Əsədovla çox yaxın qohumluq əlaqəsinə malik olduğu bildirilir.

Daha bir qohumluq əlaqəsi Mənzil Kommunal Təsərrüfatı İstehsal İstismar Birliyinin rəisi Təvəkkül Məmmədovla Küçə İşıqları İdarəsinin rəisi Əhməd Məmmədov arasındadır. Belə ki, Əhməd Məmmədov keçmiş icra başçısının qardaşı oğludur.

Sumqayıt şəhər Əhalinin Sosial Müdafiə Fondunun rəhbəri Ağarza Axundovla tanınmış sumqayıtlı sahibkar, “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Axundov isə qardaşdırlar.

Sumqayıt şəhər Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovla Sumqayıt Regional Təchizat İdarəsinin rəisi Xəndan Əhmədovun isə quda olduğu bildirilir.

“Bank of Baku”nun Sumqayıt filialının bu yaxınlara qədər müdiri olmuş Samir Rəhimov şəhər icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Seyfəddin Rəhimovun oğludur.

25 saylı orta məktəbin direktoru Əvəz Mahmudov isə şəhərin tanınmış iş adamı Zaman İsgəndərovun qardaşıdır.

Hazırda Sumqayıt Texnologiyalar Parkının qurulmasında yaxından iştirak edən “Azinko” tikinti şirkətinə başçılıq edən Malik Həsənovun isə Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı oğlu olduğu söylənilir.

Sumqayıtlı məmurların da müştərək olaraq kapital yatırdıqları sahələr var. Bu sırada kafe-restoran və digər başqa iaşə xidmətləri, xırda istehsal sexləri və bir sıra ticarət sahələri daha qabarıq şəkildə görünür.

Vüsal Məmmədov, “168saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər