IV Şuşa Qlobal Media Forumu artıq təkcə media nümayəndələrinin fikir mübadiləsi apardığı beynəlxalq platforma deyil. Bu Forum hər il Azərbaycanın regional və qlobal gündəmə baxışını, dövlətin strateji prioritetlərini və beynəlxalq münasibətlər sistemində tutduğu mövqeni dünyaya çatdıran mühüm siyasi tribunaya çevrilir. Prezident İlham Əliyevin forum çərçivəsində müxtəlif ölkələrin media nümayəndələrinin suallarını cavablandırması da göstərdi ki, Azərbaycan bu gün beynəlxalq ictimaiyyətlə dialoqu yalnız diplomatik kanallarla deyil, informasiya müstəvisində də uğurla qurur.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın beynəlxalq proseslərə yanaşmasının prinsipial xarakter daşıması idi. Dövlət başçısı vurğuladı ki, ölkənin xarici siyasəti hər hansı geosiyasi blokun maraqlarına deyil, milli maraqlara əsaslanır. Məhz bu səbəbdən Azərbaycan həm enerji təhlükəsizliyi, həm nəqliyyat-kommunikasiya layihələri, həm də regional əməkdaşlıq məsələlərində etibarlı tərəfdaş kimi qəbul edilir. Son illərdə ölkənin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr Azərbaycanın coğrafi mövqeyini strateji üstünlüyə çevirməklə yanaşı, onu Avrasiya məkanında mühüm əlaqələndirici dövlət statusuna yüksəldib.
Forum zamanı səslənən fikirlərdən aydın oldu ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, onların formalaşmasına təsir göstərən aktorlardan biridir. Prezident İlham Əliyevin “orta güc” anlayışına verdiyi izah bu baxımdan xüsusi diqqət doğurur. Dövlət başçısının yanaşmasına görə, orta güc olmaq iqtisadi göstəricilər və ya hərbi imkanlarla məhdudlaşmır. Əsas meyar ölkənin öz milli maraqlarını müstəqil şəkildə müdafiə etmək, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi çıxış etmək və regional sabitliyə real töhfə vermək bacarığıdır. Azərbaycanın son illərdə nümayiş etdirdiyi siyasi iradə məhz bu statusun praktik təsdiqi kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyev çıxışında beynəlxalq hüququn əhəmiyyətini də xüsusi vurğuladı. Ermənistanla münaqişənin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası və sonrakı mərhələdə nümayiş etdirilən siyasi mövqe göstərdi ki, ölkə hər zaman beynəlxalq hüquqa söykənən yanaşmanı üstün tutub. Dövlət başçısının fikrincə, davamlı sülh yalnız beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandıqda uzunömürlü ola bilər. Bu yanaşma təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə müasir beynəlxalq münasibətlər sistemi üçün aktual siyasi mesaj kimi səsləndi.
Forumun mühüm məqamlarından biri də Azərbaycanın kommunikasiya siyasətinin mahiyyətini nümayiş etdirməsi oldu. Şuşada dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin, ekspertlərin və media rəhbərlərinin iştirakı informasiya diplomatiyasının praktik nümunəsinə çevrildi. Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işlərinin yerində nümayiş etdirilməsi, keçmiş dağıntılarla bugünkü inkişaf mənzərəsinin müqayisə olunması beynəlxalq auditoriyada faktlara əsaslanan obyektiv təsəvvür formalaşdırmağa xidmət edir. Bu baxımdan Forum informasiya müharibəsində həqiqətin təqdim edilməsi üçün mühüm platforma rolunu oynayır.
Çıxış zamanı regional əməkdaşlıq məsələlərinə toxunan Prezident İlham Əliyev Türkiyə ilə müttəfiqlik münasibətlərini, Mərkəzi Asiya ölkələri ilə genişlənən əməkdaşlığı, nəqliyyat dəhlizlərinin inkişafını və enerji təhlükəsizliyi sahəsində həyata keçirilən layihələri Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri kimi təqdim etdi. Dövlət başçısının fikirlərindən görünür ki, müasir geosiyasi şəraitdə iqtisadi inteqrasiya, qarşılıqlı etimad və siyasi sabitlik bir-birini tamamlayan amillərdir. Azərbaycanın bu sahələrdə qazandığı uğurlar isə təsadüfi deyil, uzun illər ərzində həyata keçirilən ardıcıl dövlət siyasətinin nəticəsidir.
Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər gələcək təhlükələrə münasibətdə də aydın siyasi mövqe ortaya qoydu. Dünyada artan geosiyasi gərginlik, yeni münaqişə ocaqları və beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda Azərbaycan milli təhlükəsizliyin təmin edilməsini əsas prioritet kimi müəyyənləşdirir. Dövlət başçısı vurğuladı ki, güclü iqtisadiyyat, müasir ordu, milli birlik və müstəqil siyasi iradə ölkənin təhlükəsizlik sisteminin ayrılmaz hissələridir. Bu yanaşma Azərbaycanın qarşıdakı dövrdə də müstəqil siyasət kursunu davam etdirəcəyini göstərən mühüm mesaj idi.
IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı bütövlükdə Azərbaycanın müasir inkişaf modelinin siyasi manifesti təsiri bağışladı. Çıxışda səslənən fikirlər göstərdi ki, ölkənin əsas prioriteti milli maraqların qorunması, beynəlxalq hüquqa söykənən ədalətli mövqenin müdafiəsi, regional əməkdaşlığın genişləndirilməsi və informasiya məkanında həqiqətlərin ardıcıl şəkildə dünya ictimaiyyətinə çatdırılmasıdır. Şuşa isə artıq təkcə tarixi və mədəniyyət paytaxtı deyil, həm də Azərbaycanın qlobal siyasi dialoqu formalaşdırdığı, yeni geosiyasi baxışlarını dünyaya təqdim etdiyi nüfuzlu beynəlxalq platformaya çevrilmişdir.
Arif Ərşad, Azərbaycan Yazıçılar Birliyinin üzvü


Müzakirə qapadılmışdır.