Şuşadan dünyaya mesaj: Prezident İlham Əliyevin yeni geosiyasi baxışı

164

IV Şuşa Qlobal Media Forumu artıq ənənəvi beynəlxalq tədbir çərçivəsini aşaraq Azərbaycanın siyasi kommunikasiyasının, diplomatik mesajlarının və geosiyasi baxışının təqdim olunduğu mühüm platformaya çevrilib. Prezident İlham Əliyevin forum çərçivəsində media nümayəndələrinin suallarını cavablandırması yalnız gündəlik siyasi hadisələrə münasibət bildirmək deyil, həm də Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını, regional təhlükəsizlik baxışını və dövlət fəlsəfəsini sistemli şəkildə izah etmək baxımından diqqət çəkdi. Bu baxımdan Forum təkcə media hadisəsi deyil, həm də siyasi düşüncənin, dövlət idarəçiliyi konsepsiyasının və beynəlxalq münasibətlərə dair baxışların təqdim edildiyi analitik müstəvi kimi dəyərləndirilə bilər.

Prezident İlham Əliyevin “Mənimsə müraciətim ancaq Azərbaycan xalqına ola bilər” fikri çıxışın ideoloji mərkəzini təşkil edən əsas tezis idi. Bu ifadə ilk baxışda daxili auditoriyaya ünvanlanan müraciat təsiri bağışlasa da, əslində dövlətin siyasi fəlsəfəsini ifadə edən fundamental yanaşmadır. Dövlət başçısı müxtəlif dövrlərdə – işğal illərində, müharibə zamanı və postmüharibə mərhələsində xalqa etdiyi müraciətləri xatırladaraq göstərdi ki, dəyişən yalnız tarixi şərait olmuş, dəyişməyən isə milli həmrəyliyə, xalqın iradəsinə və dövlət-vətəndaş birliyinə əsaslanan siyasi xətt olmuşdur. Bu yanaşma Azərbaycanın son otuz illik inkişaf modelində legitimliyin əsas mənbəyinin xalqın etimadı və milli birlik olduğunu bir daha nümayiş etdirdi.

Forumda xüsusi diqqət çəkən məqamlardan biri “biz yalnız özümüzə güvənə bilərik” tezisinin yeni geosiyasi reallıqlar fonunda izah olunması idi. Prezident İlham Əliyev müstəqilliyin yalnız hüquqi status deyil, hər gün qorunmalı olan siyasi dəyər olduğunu vurğulayaraq Azərbaycanın heç bir güc mərkəzindən asılı siyasət yürütmədiyini göstərdi. Bu fikir həm tarixi təcrübənin nəticəsi, həm də gələcək təhlükəsizlik strategiyasının əsas istiqaməti kimi təqdim edildi. Xüsusilə beynəlxalq münasibətlər sistemində dəyişən güc balansı, yeni münaqişə ocaqları və artan geosiyasi rəqabət fonunda milli maraqların yalnız daxili birlik və güclü dövlət institutları vasitəsilə qoruna biləcəyi mesajı verildi. Burada diqqət çəkən cəhət ondan ibarətdir ki, Prezident milli həmrəyliyi yalnız emosional dəyər kimi deyil, dövlət təhlükəsizliyinin əsas elementi kimi təqdim etdi.

Çıxışın mühüm istiqamətlərindən biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı yeni siyasi çəkisinin izahı oldu. Prezident İlham Əliyevin “orta güc” anlayışına münasibəti sadəcə terminoloji yanaşma deyildi. O, bu statusun ölkənin iqtisadi potensialı, hərbi qüdrəti və ya enerji resursları ilə yanaşı, milli maraqlarını müstəqil şəkildə müdafiə etmək bacarığı, regional proseslərə təsir imkanları və beynəlxalq etimad kapitalı ilə müəyyənləşdiyini vurğuladı. Azərbaycanın həm enerji təhlükəsizliyində, həm nəqliyyat-logistika dəhlizlərinin formalaşmasında, həm də müxtəlif regional münaqişələrin həllində etibarlı tərəfdaş kimi qəbul olunması bu mövqenin təsadüfi deyil, ardıcıl dövlət siyasətinin nəticəsi olduğunu göstərir.

Forum zamanı regional təhlükəsizlik məsələlərinə yanaşma da diqqətəlayiq idi. Prezident İlham Əliyev Azərbaycanın müharibələrin əhatəsində yerləşən mürəkkəb coğrafiyada fəaliyyət göstərdiyini qeyd edərək təhlükəsizlik anlayışını yalnız hərbi amillərlə məhdudlaşdırmadı. Onun fikirlərində təhlükəsizlik iqtisadi dayanıqlıq, nəqliyyat bağlantıları, enerji əməkdaşlığı, diplomatik etibar və beynəlxalq hüququn qorunması ilə vəhdətdə təqdim olundu. Eyni zamanda dövlət başçısı beynəlxalq hüququ bütün sülh təşəbbüslərinin universal platforması adlandıraraq Azərbaycanın Qarabağ məsələsində də məhz bu prinsiplərə söykəndiyini xüsusi vurğuladı. Bu yanaşma ölkənin xarici siyasət kursunun əsas fəlsəfəsinin güc nümayişindən daha çox hüquqi legitimliyə əsaslandığını nümayiş etdirir.

Prezident İlham Əliyevin çıxışında Qarabağın bərpası və Şuşanın beynəlxalq dialoq məkanına çevrilməsi də xüsusi məna daşıyırdı. Bir vaxtlar dağıntılarla yadda qalan ərazilərdə bu gün dünyanın onlarla ölkəsindən media nümayəndələrinin toplaşması, beynəlxalq təşkilatların və nüfuzlu informasiya qurumlarının iştirakı Azərbaycanın postmünaqişə siyasətinin real nəticələrini nümayiş etdirir. Forum vasitəsilə Qarabağın yalnız yenidən qurulan region kimi deyil, həm də beynəlxalq siyasi dialoqun yeni ünvanı kimi təqdim olunması ölkənin yumşaq güc elementlərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu, faktiki olaraq informasiya diplomatiyasının praktik nümunəsinə çevrilmişdir.

Çıxışın yekun hissəsində Prezident İlham Əliyevin gənc nəslə ünvanladığı mesajlar isə gələcəyə hesablanmış dövlət strategiyasının ideoloji konturlarını müəyyənləşdirirdi. Dövlət başçısı xalqın işğal, müharibə, Zəfər və bərpa mərhələlərindən keçdiyini xatırladaraq gələcək nəsillərin milli kimliyi, milli ləyaqəti və dövlətçilik düşüncəsini qorumasının vacibliyini ön plana çəkdi. Bu fikirlər siyasi ritorikadan daha çox strateji dövlətçilik konsepsiyası kimi qiymətləndirilməlidir. Çünki burada əsas məqsəd təkcə bugünkü reallıqları izah etmək deyil, gələcək onilliklər üçün milli şüurun və vətəndaş məsuliyyətinin əsas istiqamətlərini müəyyənləşdirmək idi.

IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı bütövlükdə göstərdi ki, Azərbaycan postmüharibə mərhələsini artıq yalnız bərpa prosesi kimi deyil, yeni geosiyasi mövqeyinin formalaşması mərhələsi kimi qiymətləndirir. Forumda səslənən fikirlər dövlətin daxili birliyi, müstəqil xarici siyasəti, regional əməkdaşlığı, beynəlxalq hüquqa əsaslanan mövqeyi və milli maraqların qətiyyətlə müdafiəsi kimi prinsiplərin vahid strateji xətt təşkil etdiyini nümayiş etdirdi. Bu baxımdan Şuşada səslənən mesajlar yalnız cari siyasi gündəmin deyil, Azərbaycanın yaxın və uzaq perspektivdə inkişaf modelinin konseptual siyasi manifesti kimi dəyərləndirilə bilər.

Rafiq Yusifoğlu, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər