Şuşadan dünyaya mesaj

657

Ulu Qarabağın döyünən qəlbi, vətən adlı məmləkətin dilbər guşəsidir zəfər təranəli Şuşa! Bu gün artıq o gündür ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi, tarix yazan ordumuzun hər fərdinin döyüş əzmi sayəsində  28 illik həsrətin ardından yurdumuzun bu dilbər guşəsi düşmən tapdağından azaddır. Bu gün artıq o gündür ki, ruhumuzun çağırdığı, ürəyimizin atlandığı, zəngin maddi-mədəni irsə, tarixi keçmişə malik bu qədim diyar yenidən qonaq qəbul edərək bir-birindən maraqlı, mədəni tədbirlərə ev sahibliyi edir.

Aprelin 22-də əzəmətli Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı işə başladı. Xatırladaq ki, məramı, məqsədi dünya azərbaycanlılarının sarsılmaz birliyinin möhkəmlənməsinə, azəri soydaşlarımızın vahid bir məfkurə ətrafında sıx birləşməsinə xidmət edən Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib. Aprelin 23-dək davam edən Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər tədbirdə çıxış edərək qeyd etmişdir: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır…..”

Müzəffər xalq, qalib dövlət olmaq qürurunu bizə yaşadan vətənpərvər gənclərimiz oldu. Bu gün onların sayəsində düşmən tapdağından azad edilmiş tarixi torpaqlarımızda üçrəngli müqəddəs bayrağımız dalğalanır və əbədi dalğalanacaqdır. Şərəf tariximizi yazan qəhrəman oğulların sayəsində dünya hərb tarixinə düşəcək Şuşa əməliyyatının, tariximizə qızıl hərflərlə yazılacaq  zəfər müjdəli bu misilsiz qələbənin şahidi olduq. Ruhunuza duaçıyıq, arzuları gerçəkləşən, parcaları bütövləşən vətənimin şəhid oğulları! Azad vətənin azad vətəndaşı olmaq qürurunu bizə yaşadan veteranlarımız, qazilərimiz, biz də sizlərlə qürur duyuruq.

Danılmaz faktdır ki,  böyük qələbənin təmin olunmasını şərtləndirən amillərdən ən birincisi xalqımızın birliyi, ölkəmizdə və onun hüdudlarından kənarda olan soydaşlarımızın da nümayiş etdirdiyi həmrəylik və birlik oldu. Bu tarixi günlərdə həm ölkə vətəndaşları, həm də dünya azərbaycanlıları həmrəy, həmfikir olub eyni amal uğrunda mübarizə apardı. Ölkə Prezidenti öz çıxışında bu vacib məqama toxunaraq qeyd edib ki,: “…Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı. Həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi….”

Prezident İlham Əliyev Qurultay iştirakçılarının diqqətini erməni vandalizminin acı nəticəsi olan dağıdılmış abidələrə, xarabazara çevrilmiş yurd yerlərinə, təhqir olunmuş məscidlərə, sökülmüş qəbirlərə yönəldərək vurğulamışdır ki, Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Biz təkcə işğalçını yox, faşistləri məhv etdik.

Sülhə, əmin-amanlığa, dinc və birgəyaşayış prinsiplərinə önəm verən dövlət olaraq Azərbaycanın mövqeyini diqqətə çatdıran cənab Prezident: “Bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq bölgənin gələcəyi naminə Azərbaycan sülh gündəliyi təqdim etdi. Bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir. Azərbaycan konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdü və Ermənistan bu beş prinsipi qəbul etdi. Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq.” – deyə bildirdi.

Cənab Prezident İlham Əliyev XIX əsrdə imzalanmış Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrini, zaman-zaman bizdən qoparılıb Ermənistana verilən tarixi torpaqlarımızı, zaman-zaman yaşanan faciələri – soyqırımları, deportasiyaları diaspor nümayəndələrinin diqqətinə çatdıraraq bəyan etmişdir ki, Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyət məlumatlandırılmalıdır. “…İnformasiya təxribatları davam edir. Müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb.. Hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar…”

Xalq-iqtidar birliyinin sarsılmaz gücündən, bu birliyin yaratdığı inamdan bəhs edən Prezident vurğulayıb ki, bizim birliyimiz sayəsində Qarabağ münaqişəsi həll edildi, bu birlik sayəsində düşməndən qisasımızı döyüş meydanında aldıq. Fərariliyin baş alıb getdiyi Ermənistan ordusundan fərqli olaraq Azərbaycan əsgərinin gücü, qəlbindəki Vətən sevgisi bizi qələbədən qələbəyə apardı.

Ana dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir.  Öz çıxışında dilimizin təbliğinin, onun yad kəlmələrdən, yad təsirlərdən qorunmasının vacibliyinə toxunan ölkə başçısı  qeyd etmişdir ki, ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir. Ana dili əsas amildir. Hər bir Azərbaycan ailəsi harda yaşamasından asılı olmayaraq övladlarına bunu təlqin etməlidir. Bizim tərəfimizdən də  ölkəmizin hüdudlarından kənarda balalarımızın öz dilində təhsil almaları üçün Azərbaycan məktəblərinin açılmasına hər zaman kömək göstəriləcəkdir.

Prezident İlham Əliyev II Qarabağ Müharibəsində qazandığımız qələbənin tarixi əhəmiyyətini bir daha qeyd edərək bildirdi ki, Azərbaycan həm Ermənistanla, həm  erməni diasporu ilə, eyni zamanda Ermənistanın himayədarları ilə, bu vandal dövlətin işğalçılıq siyasətini pərdələməyə çalışan beynəlxalq təşkilatlarla müharibə aparıb və sonunda Qələbə qazanıb.

Münaqişənin sülh yolu ilə həlli məqsədilə yaradılmış ATƏT-in Miksk qrupunun məsələyə qeyri-adekvat münasibətinə toxunan ölkə başçısı qeyd edib ki, 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməmişdir. Həmçinin Prezident İlham Əliyev vurğulamışdır ki, bu gün artıq aparıcı beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul edir, Azərbaycanı dəstəkləyir.

Şuşada keçirilən qurultayın çox böyük tarixi əhəmiyyəti olduğunu bildirən dövlət başçısı bildirib ki, otuz il torpaqlarının 20 faizdən çoxu işğal altında olan bir dövlətin vətəndaşı olaraq həm ölkə daxilində, həm də xaricdə bunun xəcalətini yaşamışıq. “Ancaq bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.!”

Pərvanə Qasımova, Sumqayıt şəhər Mərkəzi kitabxananın əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər