Tahir Mirkişili: “İnsanlar özləri də bilmədən kosmosun imkanlarından hər gün yararlanır”

630

Bu gün Azərbaycanda tarixi hadisə yaşanır.Azərbaycan 50 il sonra yenidən Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir.Ölkəmizuzun illər sonra bölgədəki konfliktlərə son qoyub və belə bir dövrdə yüksək texnologiyanı əhatə edən Konqresin Azərbaycanda keçirilməsi regionun inkişafı üçün, texnologiyaların ölkəmizə gəlməsi üçün olduqca vacibdir. Bunu millət vəkili Tahir Mirkişili Beynəlxalq Astronavtika Federasiyasının Bakıda keçirilən Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısından sonra təşkil edilən mətbuat konfransında deyib.

O, bildirib ki, 50 il bundan əvvəl – 1973-cü ildə Bakıda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 24-cü Konqres keçirilmişdi: “Bu il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edir və onun xatirəsini ehtiramla yad edirik. İndi ölkəmiz ən böyük kosmik hadisəyə – 74-cü Beynəlxalq Astronavtika Konqresinə 2023-cü ildə ev sahibliyi edir. Bu, o deməkdir ki, Beynəlxalq Astronavtika Konqresi yarım əsrdən sonra bölgəmizə qayıdır. Həm məzmununa, həm də iştirakçıların sayına görə bu konqresdə əvvəlkilərdən daha çox nümayəndə təmsil olunur”.

T.Mirkişili diqqətə çatdırıb ki, Azərbaycanda astronomiya elminə olan maraq hələ qədim zamanlardan mövcuddur. Bölgəmizdəki ən böyük rəsədxanalardan biri Azərbaycandadır. XIII əsrin ortalarında Nəsirəddin Tusi tərəfindən inşa edilən bu astronomik rəsədxana dünya astronomiya elminin inkişafında özünəməxsus yer tutur.

İndi 30 illik işğal başa çatdıqdan və Ermənistan tərəfindən Azərbaycan torpaqlarında separatizmə son qoyulduqdan sonra regionumuzda sülh naminə innovasiyaların, texnologiyaların tətbiqi üçün ən münasib vaxtdır. Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən sabit ölkədir. Biz ölkəmizi regionun enerji, nəqliyyat və kommunikasiya mərkəzinə çevirə bildik. Hələ qədim İpək Yolu müasir Azərbaycandan keçərək ölkənin tarixini, mədəniyyətini və tolerant dünyagörüşünü formalaşdırıb.

Komitə sədri bildirib ki, kosmos böyük bir resursdur, peyk sənayesi elm və texnologiyanın, eləcə də rabitə zəncirinin ayrılmaz hissəsidir: “Azərbaycan ilk peykinin buraxılmasından sonra 2013-cü ildən dünya kosmik klubunun fəal üzvü olub. Bir ölkə olaraq, sürətlə inkişaf edən qlobal kosmik ekosistemin bir hissəsi olmaqdan və bu sektorun bütün dünyanın xeyrinə inkişafına töhfə verməkdən məmnunuq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər