Tahir Mirkişili: “Regionlarda xüsusi ixtisaslaşmış rəqəmsal bilik təqdim edən tədris müəssisələrinə ehtiyac var”

1256

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bölgələrində rəqəmsal savadlılıqla bağlı mətbuata açıqlamasında bir çox maraqlı məsələlərə toxunub.

Azərbaycanın bölgələrində rəqəmsal savadlılıq səviyyəsinə toxunan Tahir Mirkişili qeyd edib ki, bu gün rəqəmsal savadlılıq inkişafı müəyyən edən əsas amillərdən birinə çevrilməkdədir. Bütün dünyada şəhərlər və kəndlər arasında, paytaxt və regionlar arasında, qitələr arasında “rəqəmsal uçurum” mövcuddur və bununla mübarizə getdikcə artır: “Azərbaycanda İKT-nin inkişafına daim xüsusi diqqət ayrılıb, bir çox innovativ layihələr həyara keçirilib. Təsadüfi deyil ki, ölkəmizdə əhalinin 80%-dən çoxunun internetə çıxışı var. Sürət və keyfiyyət baxımından müəyyən çətinliklər olsa da, əhatəlilik düşünürəm ki, qənaətbəxşdir. Təcrübə göstərir ki, məhs əhatəlilik və sürət müxtəlif xidmət platformalarının inkişafı üçün mühüm şərtdir”.

Millət vəkili vurğulayıb ki, Azərbaycanda ev təsərrüfatlarının 79.1% nin internetə çıxış imkanları mövcuddur. Ev təsərrüfatlarının 65%-i isə kompüterlərə sahibdir. Bu rəqəm Bakı və Abşeronda 98%-ə yaxın olsa da, regionlarda 50%-ə yaxındır.   İllik gəliri 5000 manatdan çox olan ev təsərrüfatları isə kompüter parkının 80%-nə sahibdirlərsə, kompüter parkının 20%-i  illik gəliri 2500-5000 manat olan ev təsərrüfatlarına aiddir. Yəni daha kiçik ev təsərrüfatları daha az texnologiyalara çıxış imkanına sahibdirlər. Bu isə onların texnoloji inkişaf prosesindən geridə qalmasına səbəb ola bilər. Bu məsələyə xüsusi diqqət vermək vacibdir.

Bölgələrdə rəqəmsal savadlılığın artırlmasına toxunan Tahir Mirkişili bildirib ki, Azərbaycanda elektron bilik və bacarıqların əldə edilməsində ən böyük mənbə istifadə etmək yolu ilə özü-özünə öyrənməkdir – 33%. Rəqəmsal savadlılığın əldə edilməsində ikinci ən böyük pay təhsil ocaqlarına aiddir – 27%. Ölkəmizdə rəqəmsal savadlılığa sahib olan instifadəçilərin cəmi 9%-nin ilkin proqramlaşdırma vərdişləri vardır. Halbuki, müasir elektron xidmətlər istifadəçilərin daha çox proqramlaşdırma vərdişlərinə sahib olmalarını tələb edir. Düşünürəm ki, ölkəmizdə ilk növbədə rəqəmsal savadlılığın artırılmasında təhsil müəssisələrinin rolunu daha da artırmaq lazımdır. Tədris proqramlarını daim yeniləmək və müasir texnologiyalardan regionlarda da daha çox istifadə etmək lazımdır. Etiraf etmək lazımdır ki, hazırda Bakıda bu cür təhsil xidmətlərinə əlçatanlılıq regionlara nisbətən xeyli yüksəkdir. Bu baxımdan regionlarda xüsusi ixtisaslaşmış rəqəmsal bilik təqdim edən tədris müəssisələrinə böyük ehtiyac vardır. Bunlar özəl müəssisələr də ola bilər. Digər tərəfdən startapların maliyyə əlçatanlığını vençur fondlar hesabına xeyli genişləndirmək lazımdır. Eyni zamanda innovative ideyaya malik gənclərin bu ideyaları kommersiyalaşdıra bilməsi üçün patentləşmə sisteminin inkişfına və patent bazarının inkişafına ehtiyac vardır.

Millət vəkili bölgələrdə rəqəmsal savadlılığın artması həmin bölgənin iqtisadi cəhətdən inkişafına təsir göstərəcəyini vurğulayıb: “Müasir dövrdə inkişafı rəqəmsal ideyalar olmadan təsəvvür etmək mümkün deyil. Rəqəmsal savadlılığın mühüm özəlliyi hər kəs üçün yaşadığı yerdən asılı olmayaraq bərabər imkanların yaradılmasıdır. Regionlarda rəqəmsal savadlılığın artması insanların öz yaradıcı ideyaları hesabına maddi imkanlar əldə etməsinə, öz xidmətlərini və ideyaların daha geniş auditoriyaya təklif etməsinə gətirib çıxarır. Digər tərəfdən, regionlardakı ev təsərrüfatlarının rəqabətdə uduzmamasına, paytaxt və digər bölgələlərlə bərabər səviyyədə xidmət göstərməklə daha çox investiya cəlb edərək rifahın yaxşılaşmasına səbəb olur. Daha savadlı kadr həm də daha  yüksək maaş deməkdir. Texnoloji biliklərə sahib insanların kapital dəyəri bütün dünyada daha yüksəkdir. Azərbaycanda İT infrastrukturun inkişafı bütün bu dediklərimə sahib olmağa əsasən imkan yaradır. Bu istiqamətdəki dövlət siyasəti də stimullaşdırıcı funksiya yerinə yetirir. İnsanlarımızın bu imkanlardan istifadə edib özlərini gələcəyə hazırlamaqları günümüzün əsas çağırışlarındadır”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər